Gəncə icra başçısından daha bir ŞOK addım

Elmar Vəliyevin məxfi Bakı səfərinin gizlinləri AzNews.az-da


İcra başçısı sabiq polis rəisini həbs etdirmək, Gəncənin prokurorunu isə cəzalandırmaq istəyir


AzNews.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev hazırda Bakı şəhərindədir və onun paytaxta budəfəki səfəri hələlik məxfi saxlanılan məqsədlərinə nail olmaq üçün reallaşıb. Bununla bağlı AzNews.az xəbər portalını məlumatlandıran mənbənin sözlərinə görə, Elmar Vəliyev Gəncənin ötən gün istefa verən sabiq polis rəisi general Rasim Musayevin təkcə işdən azad olunmasıyla razılaşmaq niyyətində deyil və onun həbsinə nail olmaqda israrlıdır. İcra başçısı eyni zamanda Gəncə şəhər prokuroru Adil Vəliyevin də işdən çıxarılmasına çalışır.

Bunun səbəbi isə odur ki, icra başçısı ilə polis rəisi arasında məlum insident yaşandığı zaman Elmar Vəliyev prokurora tapşırıq verib ki, polis rəisi Rasim Musayevə qarşı cinayət işi açsın. Amma prokuror bu addımı atmaqdan müxtəlif bəhanələrlə yayınıb. Polis rəisinin işdən çıxardılmasından sonra isə Elmar Vəliyev indi də prokuroru cəzalandırmaq qərarına gəlib. Məlumatda bildirilir ki, bu kimi hallar, yəni Gəncə prokurorunun Elmar Vəliyevin tapşırıqlarını yerinə yetirməkdən imtina etməsi dəfələrlə təkrarlanıb və bu üzdən də icra başçısı indi onunla yollarını ayırmağı qərarlaşdırıb.

Mənbəmiz bildirir ki, Elmar Vəliyev bu məqsədinə çatmaq üçün müxtəlif vəzifəli şəxslərlə, o cümlədən respublikanın baş prokuroru Zakir Qaralovla görüşmək niyyətindədir və onun Bakıya gəlişinin əsl məqsədi də elə budur.
Yazı hazırlanan vaxt icra başçısının artıq Baş prokurorla görüşünün baş tutduğu xəbərini aldıq. Ola bilsin ki, gün ərzində Gəncənin prokuroru barədə qərar verilsin.

Sonda xatırladaq ki, polis rəisinin istefasına səbəb Rasim Musayevin Gəncə çayının yaxınlığında tikdirdiyi dəbdəbəli villanın başçının əmriylə sökülməsi olub. Belə ki, Elmar Vəliyev sözügedən villanın sökülməsi əmri verdikdən sonra tərəflər arasında qarşıdurma pik həddə çatıb. Bundan sonra isə icra başçısı generala sərt şəkildə bildirib ki, "bir gün ərzində Gəncəni tərk etməsən tikdirdiyin bu evi başına uçurdacam". Elə bu ifadədən sonra, Rasim Musayev gecə ilə Gəncəni tərk edib və ardınca istefa verdiyini açıqlayıb.

Orxan
AzNews.az