Gülağa Aslanlı: “Üzvlərimiz aksiyada iştirak etməkdə azaddırlar” Gülağa Aslanlı: “Üzvlərimiz aksiyada iştirak etməkdə azaddırlar”

Gənclərin aksiyasına AXCP və Müsavat da qoşulacaq

Gülağa Aslanlı: “Üzvlərimiz aksiyada iştirak etməkdə azaddırlar”



Gözəl Bayramlı: "Vətəndaş mövqeyimizi ortaya qoyub aksiyaya qoşulacağıq".


Sabah "Fəvvarələr Meydanı"nda 15:00-da gənclər İsmayıllıda və "Binə" bazarında baş verənlərə etiraz olaraq aksiya keçirəcəklər. "Silahları üstümüzdən çəkin" şüarı ilə keçiriləcək aksiyada 3 mindən çox şəxs iştirak edəcəklərini bildiriblər.

Qeyd edək ki, aksiyanın təbliğatı "Facebook" sosial şəbəkəsində aparılır.

Keçiriləcək aksiyaya müxalifət partiyaları da dəstək verəcəkmi?

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı AzNews.az-a
keçiriləcək aksiyaya münasibət bildirərkən deyib ki, baş verənlər təkcə İsmayıllının deyil, bütövlükdə Azərbaycan əhalisinin etirazının bariz nümunəsidir:

"Gənclər də aksiya keçirməklə etiraz edənlərə dəstək verirlər. İnsanların sərbəst toplaşmaq hüququ var. Bu, konstitusiyada da təsbit olunub. Buna qarşı hər hansı tədbirlər olacaqsa, biz onu repressiya sayacağıq".

Başqan müavini qeyd edib ki, bu aksiya gənclərin aksiyasıdır:

"Gənclər Təşkilatına həvalə etmişik ki, aksiya keçirənlərin kimliyini aydınlaşdırsınlar. Ondan sonra aksiyaya öz münasibətimizi bildirəcəyik. Öncədən deyim ki, kiməsə həmin aksiyada iştirakla bağlı qadağa qoyulmayacaq, üzvlərimiz aksiyada iştirak etməkdə azaddırlar".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı təmsil etdiyi partiyanın aksiyada yüksək səviyyədə iştirak edəcəyini deyib:
"Aksiyada iştirak etmək niyyətindəyəm. Partiyamızın fəalları da iştirak edəcək. Vətəndaş kimi aksiyada iştirak etməyə özümə borc bilirəm. Hər şeydən əvvəl vətəndaşıq".

AXCP funksioneri vurğulayıb ki, aksiyaya siyasi don geydirmək düzgün deyil: "Bunun siyasi məsələyə aidiyyəti yoxdur. Niyə görə siyasiləşdirilməlidir?"

İlkin
AzNews.az