Rəhim Qazıyev yeni videolar yayacaq - EKSKLÜZİV

Sabiq müdafiə naziri arxivinə müraciət etmək qərarına gəlib




Sabiq müdafiə naziri Rəhim Qazıyevin AzNews.az-da yayımlanan məlum videosundan sonra bu məsələ ölkə gündəmini məşğul etməyə başlayıb. Xatırladaq ki, 1995-ci ildə lentə alınmış həmin videomüraciətdə eks-spiker Rəsul Quliyevin ünvanına çox sərt ittihamlar yer almışdı.

Bu videonun yayılmasından sonra ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev həmin videoya münasibət bildirərək deyib ki, bu video montaj olunub və onun ardı da var. Bunun ardınca isə Rəhim Qazıyev saytımızla əlaqə saxlayaraq, təxminən eyni fikri ifadə edərək, videonun montaj olduğunu qeyd etməklə yanaşı maraqlı açıqlama ilə də çıxış edib:

"Məndə təkcə bu video yox, digər çoxsaylı çəkilişlər də var. Lazım gələcəksə onları yayaram. Rəsulun mənə dediklərinin çoxu həqiqəti əks etdirmir. Orda gedən pulu o özü Kinostudiyanın rəhbərinə vermişdi.
Mənə qarşı çox ədalətsizlik oldu. Buna görə də, mən bir çox adamlara elə videomüraciət etmişəm. Onların bəziləri "Youtub"a da yerləşdirmişəm. Qalanını da lazım olanda bütün mətbuata verəcəm. Qoy bu millət həqiqəti bilsin".


Maraqlıdır, görəsən, sabiq müdafiə naziri "başqa videolarım da var" deməklə kimləri hədəfə alıb? Hər halda ehtimal etmək olar ki, Rəhim Qazıyev arxivində olan çəkilişlərlə ənənəvi rəqiblərinə nəyisə xatırlatmaq fikrinə düşüb. Bizə isə vəd olunan həmin videoları gözləməkdən başqa heç nə qalmır.


Orxan
AzNews.az