“Biz erməni deyilik ki, hər şeyə iddia edək” “Biz erməni deyilik ki, hər şeyə iddia edək”

Tarzən Mircavad Cəfərov

“Biz erməni deyilik ki, hər şeyə iddia edək”


AzNews.az "Düz oturaq, düz danışaq" layihəsinin qonağı əməkdar artist, tarzən Mircavad Mircavadovdur.

- Son günlər belə bir ifadə tez-tez işlədilir: "Azərbaycan tarı ən yüksək zirvədədir". Bu musiqi alətinin yüksək zirvəyə qalxmasında ən çox əməyi olan sənətkar kimdir?

- Xalq artisti Ramiz Quliyev tar sənətinin professorudur. Onun ifa etdiyi tar sənəti bu gün ən yüksək səviyyədədir. Tar sənəti ilə bağlı söz demək üçün Ramiz Quliyev səviyyəsində olmalısan. Ondan başqa Möhlət Müslümov, Firuz, Elçin, Əliağa və s. da var.

- Amma tar ifaçıları xanəndələrə nisbətdən azdır…

- Nə qədər olmalıdır ki? Tar ifaçılığı da idman kimi bir şeydir. İlk əvvəl minlərlə adam gəlir, amma sonda baxırsan ki, onlardan bir-ikisi tanınır, dünyaya çıxır. Ölkə daxilində gedən müharibə şəraiti, 20 Yanvar faciəsi bu sənətin inkişaf etməsində mühüm rol oynadı. Bu faciələr o vaxt bizim qarşımıza bir sədd çəkdi. Heç yana çıxa bilmədik. Ölkədə dava, müharibə gedərkən, qan tökülərkən, şəhid verərkən biz tarı sinəmizə basıb necə çala bilərdik? İstəsəydik də alınmazdı.

- Cəmiyyətdə tar, kamança, qaboy az qala yalnız matəm musiqi alətləri kimi qəbul olunur. Bu alətlərin səsini ölkənin ən qəmli günlərində, matəm mərasimlərində eşidirik…

- Matəm mərasimlərini təqdim etmək üçün simfonik kamera musiqisi var. Həmin musiqilər matəm musiqisi kimi istifadə olunur. Muğam ağrılı bir ifadır, qəmdir. Onlar insanların ən ağrılı anların musiqiləridir.

- Etiraf edək ki, insanlar daha çox pozitiv ehval yaradan musiqi alətlərinə üstünlük verir. Tar, kamança... gözdən düşür.

- Yox, mən razılaşmıram. Əksinə, biz bir az irəli gedib, bu alətləri sevdiririk. Musiqidir, burada nə var ki. Matəm də bizimdir, musiqidə. Alətlərin matəm günlərində ifa olunmağının milli musiqiyə ziyanı yoxdur. Tar, muğam matəmlərdə ifa olunması həmin sənətin və alətin sehridir. Deməli, orada nəsə bir sehr var ki, bizi ona doğru aparır. Muğam ifaçılarının sayı çoxalıb, ələlxüsus da cavanlara geniş meydan verilib. Xalq artisti Alim Qasımovla tez-tez bu barədə fikir mübadiləsi aparırıq. O, deyir ki, "muğam sənəti çətin prosesdir. Amma gənclər bu sənətdə bişməmiş, tez irəli getdi. Sənətkar üçün bu, hal normal deyil".

- Yəni, 50 ildə yetişən Alim Qasımov şöhrətini bu günün gəncləri 4 aya əldə edir...

- İnsan daxildən sənətin dərinliyində bişməsə, irəli gedə bilməz. Bu gün fərqli-fərqli musiqiçilər var. Onların bəziləri beynin məhsulundan istifadə edir. Musiqiçi var ki, beyin ilə ürəyi birləşdirə bilir. Eləsi də var ki, ürəyi var, amma beynində informasiyası azdı. Alim müəllim mənə deyirdi ki, "sənin çox gözəl fantaziyaların var, amma "fundamentin" yoxdur". Mən bütün günü axtarırdım. "Fundamenti" necə qoyum ki, "ev" tikə bilim. Musiqi də belədir. Cavanlar oxuyur, çalır, baxıram ki, "fundament" yoxdur, onlar kimlərisə təbliğ edir.

- Yəni xanəndələri yamsılayır...

- Hə, özlərinə əziyyət vermirlər. Kiminsə ifasını götürüb ona qulaq asırlar. Sonra da başlayırlar onu yamsılamağa. Heç kəs də demir ki, sağ olsun filankəs. Nə yaxşı ki, bunu oxuyub, mən də ondan bəhrələndim.

- Muğam sənətinin inkişafı sizi qane edir?

- Allah millət vəkili Mehriban xanım Əliyevanın canını sağ etsin. Muğama dəstək dövlət səviyyəsindədir. Birinci proses yetişdi. Kamança ifaçıları tapılmırdı. İndi hər yan kamança ifaçılarıdır. Tar da həmçinin. Bunların özünün də zamana ehtiyacı var. Bir müddət keçəcək, onların da arasından kimsə özünü tapacaq. Hələlik danışmaq tezdir.

- Tar və caz… Sizi bağlayan nədir?

- Caz ifaçıları ilə çoxlu layihələrdə iştirak etmişəm. Bu, Allahdan verilən vergidir. Muğamla cazın qohumluq əlaqələri var. Vaqif Gərayzadə və Alim Qasımovla görüş məni caza apardı. Caz daha dərin bir musiqidir. O bizə gəlmə musiqi sayılır, muğam kimi özünün formaları var.

- Deyilənə görə, Siz elit ailələrin, yüksək postda oturan məmurların banketlərinə, tədbirlərinə, hətta evlərinə də dəvət alırsınız?

- Ölkəmizə səfər edən prezidentlər, baş nazirlər, rəsmi qonaqlar üçün çox vaxt konsert keçirilir. Bunlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilir. Orada təkcə biz deyil, müəyyən sənət adamları da iştirak edir.

- Həmin konsertlərin repertuarını kim təyin edir?

- Baxır da. Elə məqamlar var ki, o məsələdə azad oluruq. Elə anlar da olur ki, repertuar qonağa görə seçilir.

- Tar musiqi aləti YUNESKO-da qəbul olunandan sonra İran ayağa qalxdı. Farslar bunu özünün milli musiqi aləti kimi qeydiyyata aldılar. Əyri oturaq, düz danışaq, bu məsələdə kim haqlıdır, Azərbaycan, yoxsa İran?..

- "Dütar", "setar" musiqi alətləri var. "Setar" Hindistandan gəlib, hind musiqi alətidir, üç simi var. "Dütar" isə iki simli tardır. Mən bu tar mübahisəsində daha məlumatlıyam. Amma danışmaq istəmirəm.

- Nəyə görə?

- Çünki sonradan üstümə düşəcəklər. Deyəcəklər ki, sən bunları haradan bilirsən? Bizim tar musiqi alətlərinin ifaçılarından bəzilərinin YUNESKO-da gedən proseslərdən xəbəri yoxdur. Əslində biz tar sənətini YUNESKO-da "Qazqaz tarı" kimi təqdim etməliydik. Bəli, istər farsların, istərsə də başqa xalqların buna hüququ çatır ki, desinlər tar bizimdir. Biz YUNESKO-da məhz "Sadıqcan tarını" göstərməliydik. Düzünü deyim ki, mən tarın YUNESKO-da necə təqdim edilməsindən xəbərsizəm. Ümumilikdə isə hamının haqqı var ki, tarı özünküləşdirsin. Çünki "Sadıqcan tarı" olmamışdan əvvəl "Setar" vardı. Biz həmin bu "Setar"ı oradan gətirib təkmilləşdirdik. Tarix var, fakt var, yalandan deməklə olmaz. Biz erməni deyilik ki, hər şeyi özəlləşdirək. Bir azdan hindistanlılar da YUNESKO-da məsələ qaldıracaq ki, "bu bizə aiddir, tar bizimdir". Eyni zamanda türkmənlər, şərq ölkələrində buna iddialı ola bilər. Bu məsələdə ortaq məxrəc olmalıdır.

- "Tar qalmaqalı"nda farsların qəbul edə bilmədiyi nədir?

- YUNESKO-da hər iki ölkənin nümayəndəsi var. Ekspertlərin işi nə dərəcədə düzdür, mən onu bilmirəm.

- YUNESKO-nun eksperti Sənubər Bağırova dedi ki, "biz bu sənəti YUNESKO-ya təqdim etməmişdən əvvəl farslarla danışılıb razılıq əldə olunmuşdu"…

- Bir nəfərin razılığı ilə iş düzəlməz. Bu dövlət səviyyəsində həll olunmalıdır. Görəndə ki, iş dövlət səviyyəsində qalxıb deyirlər ki, siz hara baxırsınız. Həmin insanları başqa səmtə çevirirlər. Hər şey yuxarıdan verilən göstərişə görə həll olunur. Dövlət özü etiraf edib. Deməli, bunu yüksək səviyyədə həll etməlidirlər. Bu həmdə mədəniyyətlərin mübarizəsidir. Bu saat dünyada elə proseslər gedir ki, hər kəs öz malını özündə saxlayırsa, biz niyə də geri qalmalıyıq. Amma erməni bizim malımızı zorla sahib olmaq istəyir.

Bahar Rüstəmli
Layihənin müəllifi: Mahir Hüseynbəyli
AzNews.az