İlham Əliyev jurnalistlər üçün 3-cü binanın təməlini qoydu - Fotolar

Müstəqil Azərbaycanda milli mətbuatın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın tələbi ilə o zaman hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkənin üzləşdiyi ağır ictimai-siyasi şəraitdə, iqtisadiyyatın iflic vəziyyətə düşdüyü bir dövrdə söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxladı.

AzNews.az xəbər verir ki, 2003-cü ildən isə bu proses yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında mühüm layihələr icra edildi. Bu gün Azərbaycanda bütün azadlıqlar, o cümlədən mətbuat, söz və fikir azadlıqları tam təmin edilib. Azərbaycanda genişzolaqlı internet sərbəst şəkildə fəaliyyət göstərir. Ölkəmizdə KİdV nümayəndələrinin rahat və təhlükəsiz fəaliyyət göstərmələri üçün bütün şərait var. Son illərdə isə jurnalistlərin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr icra edilib. Belə ki, 2010-cu ildə ölkə jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı. Ötən müddətdə həmin vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olundu və bütün mənzillər yüksək səviyyədə təmir edildi. Bu binanın tikintisinə və ətraf ərazidə abadlıq işlərinin aparılmasına 22 milyon manatdan artıq vəsait sərf olundu.

Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, kütləvi informasiya vasitələri nümayəndələri üçün dövlət tərəfindən pulsuz olaraq yaşayış binaları inşa olunur və onlara verilir. Bu, bir daha sübut edir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır. Ən əsası isə odur ki, bu tədbirlər ardıcıl xarakter daşıyır.

Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindən sonra jurnalistlər üçün inşa ediləcək üçüncü yaşayış binasının təməlini qoyub.

Dövlət başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən inşa ediləcək bu binada da 255 mənzil olacaq. Beləliklə, 2010-2017-ci illərdə tikilib istifadəyə verilmiş iki və hazırda təməli qoyulan üçüncü binada mənzillərin ümumi sayı 665-ə çatacaq.

Sonda xatirə şəkli çəkdirilib.