Pakistanın yeni baş naziri bilindi

Pakistanın yeni baş naziri postuna korrupsiyada ittiham olunaraq istefaya göndərilən Nəvaz Şərifin qardaşı, Pəncab əyalətinin birinci naziri Şahbaz Şərifin namizədliyi irəli sürülüb.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu gün hakim Pakistan Müsəlman Liqasının 4 saatlıq qeyri-rəsmi görüşündə onun namizədliyi təsdiqlənib. Lakin, ilkin olaraq baş nazir olmaq üçün Şahbaz Şərif Pəncab əyaləti parlamentinin Aşağı Palatasına deputatlıqdan imtina etməlidir. Onun namizədliyi Milli Assambleyada səsverməyə çıxarılacaq. Burada Pakistan Müsəlman Liqasının üzvləri çoxluq təşkil etdiyindən Şahbaz Şərifin qalib gəlmək ehtimalı böyükdür.

Bütün bu proseslərin yerinə yetirilməsi 45 gün davam edəcək. Bu müddət ərzində isə Nəvaz Şərifin yaxın ətrafındakı şəxslərdən, deputat mandatı olan şəxslərdən biri müvəqqəti olaraq baş nazir vəzifəsini icra edəcək.

Nəvaz Şərif və onun ailə üzvləri rüşvətxorluqda ittiham olunurlar. Şərif ailəsinin ofşor şirkətlər vasitəsi ilə çirkli pulları yumasına dair məlumatlar “Panama Sənədləri”ndə ifşa olunmuşdu. Ali Məhkəmə ona qarşı qaldırılan ittihamları əsaslı hesab edib.