İran-Ermənistan münasibətlərində güclü dinamika var və bu dörd elementlə müşayiət olunur: İran-Ermənistan münasibətlərində güclü dinamika var və bu dörd elementlə müşayiət olunur:

“İsrail Ermənistanın reytinqini İranın yanında xeyli qaldırdı” - Mübariz Əhmədoğlu

İran-Ermənistan münasibətlərində güclü dinamika var və bu dörd elementlə müşayiət olunur:

ı. Ermənistanın İsraillə əlaqələri xeyli intensivləşib. İsrail rəsmiləri Ermənistana İsraillə İran arasında dialoq platforması kimi yanaşmağı gizlətmirlər. Bu fonda İran rəsmilərinin də Ermənistana səfərləri artıb. Bəzi İran rəsmilərinin səfərləri üçün elə də böyük zərurət yox idi.

ıı. İranın Ermənistandakı səfiri Seyid Kazım Səccadi son aylarda demək olar ki, görünmür. Bu fonda Ermənistanın İrandakı səfiri isə A.Tumanyan çox aktivdir. ııı. İranın Gürcüstandakı səfiri Seyid Cavad Qəvamşahid Ermənistanın Gürcüstandakı səfiri Y.Vardanyanla görüşdü. Görüş İran səfirinin xahişi ilə baş tutub. Ermənistanın Gürcüstandakı səfiri Y.Vardanyan ciddi reputasiyaya malik deyil. Getdikcə nüfuzunu itirir, onun yerinə yaxın vaxtlarda politoloq S.Minasyanın təyin olunacağı barədə ciddi məlumatlar mövcuddur. Bu fonda Gürcüstanda iranlı səfirin erməni səfirlə dialoq aparması normal məntiqlə başa düşülmür. Yayılan məlumatda səfirlərin görüşündə diplomatik sahədə əməkdaşlıq, Şimal-Cənub magistralının tikintisinin vacibliyi və bu marşrut vasitəsilə Ermənistanla İran arasında mal dövriyyəsinin artırılması məsələlərinin müzakirə edildiyi bildirilir. Əgər hər hansı səbəbdən İranın Ermənistandakı səfiri fəaliyyətini davam etdirə bilmirsə, bu halda lazımı məlumatlar Ermənistanın İrandakı səfiri vasitəsilə göndərilə bilər və ya İran XİN-nin müvafiq idarəsinin əməkdaşlarından biri Ermənistana səfər edə bilərdi.

ıv. Çaşdırıcı elementlər çoxdur. İranın İsraillə eyni vaxtda Ermənistana marağını fokslandırması başa düşülmür. Heç bir yayılan məlumatda İsraillə əməkdaşlıq məsələsinə görə Ermənistana İranın xəbərdarlığına dair işarə yoxdur. Əksinə, İran rəsmilərinin səfərlərinin dalbadal düzülməsi İranın ən azı informativ marağının olduğunu deməyə əsas yaradır.

Reallıqda İsrailin antiTürkiyə parametri kimi İran və Ermənistanla əməkdaşlıqda maraqlı olmasını başa düşmək olar. İran prizmasından pis-yaxşı olmasına baxmayaraq Türkiyə müsəlman dövlətidir. Türkiyənin marağını zəiflədib, İsrailin marağını gücləndirmək İranın siyasətində ən böyük ziddiyyətlərdən biri olacaqdır. Müsəlman faktorunu zəiflədib, yəhudi-xristian faktorunu gücləndirmək əsl Quranla bir araya sığan iş deyil. İran dövlət olaraq belə siyasət apara bilər. Fars millətçiliyi belə siyasəti məqbul hesab edə bilər. Amma islamçılıq bunu qəti qadağan edir. O da nəzərə alınmalıdır ki, İran vaxtilə İsrailin ərəb dövlətlərinə qarşı mübarizəsini, müsəlman torpaqlarının işğalını güclü dəstəkləmişdi. İndi İran Fələstin məsələsində kəskin antiİsrail mövqedədir.

İran XİN Alxanlı hadisəsində Ermənistanın əleyhinə fikir bildirmədi. Dinc müsəlman sakinlərin ermənilər tərəfindən öldürülməsinin üstündən keçdi. Bu azmış kimi İran Ehsan Huşmənd adlı eksperti vasitəsilə Ə.Çavuşoğlunun Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini hədələdi. Türkiyənin Xİ naziri M.Çavuşoğlu Bakıda olarkən Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı Türkiyənin ənənəvi mövqeyini təkrarladı. Ehtimal ki, İran məhz bu səbəbdən E.Huşməndi Ermənistana göndərmişdi. Huşmənd Yerevanda keçirdiyi mətbuat konfransında İranın digər dövlətlərin (Oxu: Türkiyə) Dağlıq Qarabağ tənzimlənməsinə müdaxiləsinə imkan verməyəcəyini bildirdi. Huşməndin mətbuat konfransınadək Ermənistanın İsrail, ABŞ və NATO ilə əlaqələrinin prioritetliyi çoxdan bəlli idi. Huşmənd bunlara münasibət bildirmədi. Səsləndirdiyi fikirlər içərisində yenilik yalnız Dağlıq Qarabağ münaqişəsinə aid idi. Yerevanla Tehranı küsdürmək istəyənlərin olması, dəmir yolu marşrutunun işə düşəcəyi təqdirdə sərfəli olacağı barədə fikirlər köhnə fikirlərdir. Huşməndin fikrincə, “Ermənistan-İran münasibətləri ictimai, mədəni, siyasi və strateji komponentlərə malikdir. Bunları nəzərə alaraq İran dövləti və xalqı həmişə özünü Ermənistan xalqının yanında görür... İran mətbuatında Ermənistanla bağlı yazıların sayı daim artır”.

İyul ayı ərzində iki ölkə arasında təmasların bizə bəlli olan siyahısı:

ı. İran sənaye, mədən və ticarət nazirinin müavini, ticarətin inkişafı idarəsinin direktoru Müstəba Xosrovtac Ermənistanda iqtisadi inkişaf və investisiya naziri S.Karayan da daxil olmaqla çox saylı görüşlər keçirdi. Sığortalanma məsələsini müzakirə etdi.

Erməni nazir müavini O.Azizyanla logistika mərkəzinin yaradılmasını müzakirə etdi.
ıı. İranın kənd təsərrüfatı avadanlıqları istehsalçıları assosiasiyasının sədrinin müavini Hüseyn Rövzəti Yerevanda kənd təsərrüfatı nazirinin müavini R.Markaryanla kənd təsərrüfatı avadanlıqlarının satışı, lizinqi və yığılması məsələlərini müzakirə etdi.

ııı. İranın Qırmızı Ay cəmiyyətinin prezidenti Seyid Əmir Möhsün Ziyayi Yerevanda Ermənistanın Qırmızı Xaç Cəmiyyətinin sədri M. Mnatsakanyanla əməkdaşlıq məsələlərini müzakirə etdi.

ıv. İRİ-in elm, tədqiqat və texnologiya naziri Məhəmməd Fərhadi Yerevanda Ermənistanın təhsil və elm naziri L.Mkrtçyanla təhsil sahəsində əməkdaşlıq memorandumu imzaladı. Digər şərtlərlə yanaşı İran hər il Ermənistandan 5 müəllim və 15 tələbə üçün İranda təhsil almaqla bağlı qrant ayırdı.

v. İİR energetika nazirinin müavini Əlirza Daemi Yerevanda Ermənistan təbiəti mühafizə nazirinin birinci müavini E.Qriqoryanla görüşüb, Aqarak mis-molibden kombinatının işi nəticəsində Araz çayının çirkləndirməsindən narahatlığını bildirdi.

vı. İranın “Kiş Air” aviakompaniyasının direktoru Cədidinin başçılıq etdiyi nümayəndə heyəti Yerevanda hökumət yanında baş mülki aviasiya idarəsinin rəhbərinin müavini Arsen Poqosyanla görüşüb, requlyar aviareyslərin təşkili məsələsini müzakirə etdi.

vıı. İran parlamentinin erməni mənşəli deputatı Jorjik Abramyan Yerevanda olarkən İran-Ermənistan münasibətləri ilə bağlı maraq doğuran açıqlama verdi: “ABŞ-İran münasibətlərinin gərginliyi müəyyən regional problemlərə təsir edə bilər. Əgər bu dövr ərzində Ermənistanla İran arasında dəyişikliklər olacaqsa, bu dəyişikliklər İran tərəfindən olmayacaq. Qeyd: J.Abramyan ABŞ-İran münasibətlərinin növbəti gərginləşməsi fonunda Ermənistana İranla əlaqəli mövqeyini pisləşdirməməyi təklif edir”.

vııı. Ermənistanın nəqliyyat, rabitə və İT naziri V.Martirosyan ölkəsinin İran-Ermənistan dəmir yolu tikintisindən imtina etmədiyini bildirdi. Nazirin fikrincə, bu layihənin 2017-2022-ci illər hökumət proqramına salınmaması layihədən imtina deyil. Bəzi maneələr var. Onları həll etmədən irəli getmək mümkün deyil. İnvestorlarla yaranmış bəzi problemlərin həlli üçün tədqiqat işləri aparılır.

ıx. İranda erməni filmləri həftəsi keçirildi. Həftədə “erməni soyqırımına” aid filmlər də nümayiş etdirildi.
x. Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan Tehranda “Şasta” investisiya kompaniyasına baş çəkdi. Bu kompaniyanın direktoru Seyid Rza Novruzadə ilə Ermənistana investisiya cəlb etmək imkanlarını müzakirə etdi. Səfir A.Tumanyan İranın Xəzəryanı regionlarında (Mazandaran ostanı) ölkəsi üçün investisiya axtarışına çıxdı.

xı. İran parlamenti Merhi-Nordüz gömrük qapılarının birgə istismarı barədə müqaviləni ratifikasiya etdi.
xıı. Erməni Apostol kilsəsinin Tehran Yeparxiyasının başçısı, arxiyepiskop Sepux Sərkisyan Dağlıq Qarabağda oldu və Bako Saakyanla görüşdü.

xııı. Prezident S.Sərkisyanın İran prezidenti H.Ruhaninin inauqurasiyasında iştirak edəcəyi təsdiqləndi.
İranın Ermənistan istiqamətində belə aktivliyi tarix boyu ilk dəfədir. Belə aktivliyin İsrailin Ermənistana marağının artan dövrə düşməsini təsadüfi hesab edə bilmərik.

Mübariz Əhmədoğlu

AzNews.az