“Həştərxan Biznes Mərkəzi əməkdaşlığın inkişafına yeni impuls verəcək” - Əli Həsənov

Dekabrın 19-da Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub.

AzNews.az xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, digər rəsmi şəxslər, iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan ilə Həştərxan vilayəti arasında qədim ticari-iqtisadi və humanitar əlaqələr mövcuddur: "Bu gün Bakıda təməlini qoyduğumuz Həştərxan Biznes Mərkəzi ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına yeni impuls verəcək".

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd edib ki, bu biznes mərkəzi ölkələrimiz, o cümlədən ayrı-ayrı regionlar arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsi işinə xidmət edəcək.

Həştərxanda da Azərbaycan Biznes Mərkəzinin inşa olunduğunu vurğulayan qubernator deyib ki, bu, vilayətdə logistik qovşağın yaradılmasına, iş adamlarımız arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək.

Həştərxanda bir neçə layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən qubernator Aleksandr Jilkin başa çatmaqda olan 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin daha da artdığını və bu dinamikanın qarşıdan gələn ildə də davam edəcəyinə əminliyini vurğulayıb.

Sonra Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub.

Həştərxan Biznes Mərkəzinin ümumi sahəsi beş min kvadratmetrdən çox olacaq. Beş mərtəbədən ibarət olacaq bu çoxfunksiyalı binada sərgi-ticarət, konfrans, fitnes zalları fəaliyyət göstərəcək, ofis otaqları, mini otel yaradılacaq.

image description image description