“Bakıdan dəfələrlə yüksək səviyyədə çağırışlar edilib” - Prezident

“Biz fəxr edirik ki, İslam dünyasının ən qədim məscidlərindən biri ölkəmizdə yerləşən, bir neçə il əvvəl bərpa edilən Şamaxı Cümə məscididir”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda dini, milli zəmində heç bir problem yoxdur: “Dünyada dinlərarası dialoqun gücləndirilməsi vacibdir. Bununla bağlı Bakıdan dəfələrlə yüksək səviyyədə çağırışlar edilib. 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan edilib. Multikulturalizm ölkəmizdə dövlət siyasəti, eyni zamanda həyat tərzidir. Bu il Bakıda IV İslam Həmrəliyi Oyunları yüksək səviyyədə keçirilib. Bu Oyunlarda 50-dən çox ölkədən 3 mindən çox idmançı, minlərlə qonaq iştirak etdi. Bu idman yarışı eyni zamanda dostluq və qardaşlıq bayramına çevrildi. Bundan əvvəl Bakı tarixdə ilk dəfə olaraq Avropa Oyunlarına ev sahibliyi edib. Bu iki hadisə Azərbaycanın həm Avropa, həm də İslam aləmi ilə münasibətlərini göstərir. Bununla yanaşı, ölkəmiz sivilizasiyalar və mədəniyyətlərarası dialoqda oynadığı önəmli rolu nümayiş etdirir ”.

Prezident bildirib ki, Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qurub: “İkitərəfli və çoxtərəfli qaydada, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər möhkəmlənib. İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr güclənib. Keçən il İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli qətnamə qəbul edilib və kontakt qrupu yaradılıb. Ölkəmizin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası fəaliyyətə başlayıb. Bundan əlavə, İSESCO-nun üzvü olan Azərbaycan təşkilat çərçivəsində uğurlu fəaliyyəti ilə seçilib. Bir neçə il əvvəl İSESCO tərəfindən Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib, gələn il isə bu missiyanı qədim Naxçıvan şəhəri daşıyacaq”.