Qanmaz Nevzorova qandıran Cavab

Əslində, Aleksandr Nevzorovun “Exo Moskvı” radiosunun efirindəki tərbiyəsizliyinə münasibət bildirməmək də olardı.

Çünki öz çıxışlarında ziyalı təbəqəsini “sızanaq” adlandıran, küçə jarqonu və söyüşlərsiz fikrini ifadə etməkdə çətinlik çəkən Nevzorovun dediklərinə ciddi yanaşanlar çox azdır.

Amma redaksiyamıza olan etiraz dolu zəngləri nəzərə alıb, bir-iki kəlmə qeyd etməyi vacib saydıq.
Əvvəla, istənilən fikrə münasibət bildirmək üçün, ilk növbədə, o fikrin mahiyyətini dərk etmək, anlamaq lazımdır. Ələlxüsus da, söhbət ölkəyə rəhbərlik edən liderin fikirlərindən gedirsə.

Nevzorovun “Exo Moskvı” radiosunda bayağı və şit tərzdə söylədiklərindən bir daha aydın olur ki, o, Azərbaycan Prezidentinin mövzu ilə bağlı çıxışını ya oxumayıb, ya da qanmayıb.

Azərbaycan Prezidentinin daim söylədiyi və çıxışlarında qırmızı xətlə keçən bir fikir var – bizim heç bir ölkəyə qarşı ərazi iddialarımız yoxdur, amma öz torpaqlarımızı da kimsəyə güzəştə getməyəcəyik! Məlum çıxışında da Prezident bu gün Ermənistanın paytaxtı olan Yerevan şəhərinin “ələ keçirilməsi”ndən yox, əsrlər boyu bu torpaqda yaşamış, bu gün isə doğma yurd-yuvalarından qovulmuş azərbaycanlıların bu ərazilərə qayıtmaq hüququndan danışıb!

Yəni, “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq” fikrini dərk etmək eləmi çətindir?

Amma məsələ ondadır ki, A.Nevzorov Azərbaycan Prezidentinin çıxışını dərk edəcək səviyyədə olmadığı kimi, ona normal tərzdə münasibət bildirmək qabiliyyətindən də uzaqdır. Zatən, vaxtilə yazdığı kitabın adı da “Təhqir etmək bacarığı” (“Искусство оскорблять») olan bir adamdan gedir söhbət.

Düzü, indiyədək ermənilərin sifarişi ilə hazırlanan bu cür çıxışları çox görmüşük, çox eşitmişik. Amma necə deyərlər, “it hürər, karvan keçər”.

Əminik ki, yeganə bacarığı, “təhqir etmək məharəti” olan Nevzorov bu atalar misalını yaxşı bilir.

Ceyhun Əsgərov,
AzNews.az saytının baş redaktoru