- Köhnə - Siyasət
- 29 Mart 2018 18:04
- 3 410
“Bu həm Azərbaycanın, həm də İranın maraqlarına uyğundur” - Politoloq

Bildiyimiz kimi, mart ayının 28-də İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri baş tutub. Səfər zamanı İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı ilə görüşüb və bir sıra önəmli sənədlər imzalanıb.
İran prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafına hansı formada təsir edəcək və nə kimi əhəmiyyətə malikdir?
Politoloq Elxan Şahinoğlu Aznews.az-a açıqlamasında bildirib ki, səfər daha çox iqtisadi məzmun daşıyır. Əsas məqsəd Şimal-Cənub nəqliyyat dəhlizinin işə düşməsini sürətləndirmək və İrana ayrılan 500 milyonluq krediti rəsmiləşdirmək idi. Belə ki, bu kreditlə Rəşt-Astara dəmir yolu tikilməlidir. Bu, həm Azərbaycanın maraqlarına uyğundur, həm də İranın. Azərbaycanın maraqlarına ona görə uyğundur ki, bölgədəki rolumuz güclənəcək, gəlirlərimiz artacaq və Ermənistanı layihələrdən daha çox təcrid edəcəyik. İranın maraqlarına ona görə uyğundur ki, İran bu nəqliyyat yolu vasitəsilə Avropa bazarına çıxış imkanı əldə edəcək və ABŞ-ın təcridindən çıxmağa çalışacaq.
Politoloqun sözlərinə görə, gələcəkdə İranın bu xətt üzərindən Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaq imkanı var. Ona görə səfər əsasən bu mövzuların müzakirəsinə həsr olunmuşdu. Bildiyimiz kimi, iki ölkə arasında iqtisadi əməkdaşlıq artır, regional layihələr həyata keçirilir. Bu sonda siyasi müstəvidə də yaxınlaşmaya müsbət təsirini göstərə bilər.
Elxan Şahinoğlu qeyd etdi ki, bizi eyni zamanda Ermənistan-İran münasibətləri də narahat edir. Çünki işğalçı dövlətlə İranın münasibət qurması, onunla iqtisadi zəmində əlaqələri Azərbaycanda mənfi qarşılanır. Amma biz İranın da daxili işlərinə qarışmırıq. Eləcə də istəyirik ki, İran da bizim daxili işlərimizə qarışmasın. Azərbaycanın ikinci dövlətlə qurduğu münasibətlər üçüncü dövlətə yönəlmir. Ona görə düşünürəm ki, İran-Azərbaycan münasibətlərində irəliləyiş var.
Politoloqun sözlərinə görə, Həsən Ruhani prezident seçiləndən sonra iki dövlət arasına əlaqələrin inkişaf tempi artıb. Keçmiş prezidentlərin dövründə bu qədər görüş olmamışdı. Bundan başqa Azərbaycanla İran müxtəlif üçtərəfli formatlarda iştirak edir. Məsələn, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-İran-Rusiya. Eyni zamanda dördtərəfli format da yaranıb: Azərbaycan-Türkiyə-İran-Gürcüstan. Bu da ölkələrarası əməkdaşlığı daha da inkişaf etdirir. Bir daha təkrar etmək istərdim ki, bu həm Azərbaycanın, həm də İranın maraqlarına uyğundur. Bu cür əməkdaşlıq ona gətirib çıxarır ki, prezidentlər və rəsmilər arasında görüşlərin sayı artır. Astara-Rəşt dəmir yolu ilə bağlı İrana ayrılmış 500 milyon dollarlıq kredit iki ölkə tarixində bir yenilikdir, bir ilkdir. Heç kim İrana investisiya, yatırım qoymur. ABŞ tərəfindən İrana qarşı təcrid siyasəti var. Azərbaycan yeganə dövlətdir ki, bu böyüklükdə məbləği İrana yatırım qoyub. İranın da Azərbaycana müəyyən yatırımları var. İran Neftçalada zavod tikir, eyni zamanda Pirallahıda dərman istehsal edən zavod inşa ediləcək.
Politoloq sonda qeyd edib ki, Rəşt-Astara dəmiryolu layihəsi ona görə əhəmiyyətli layihədir ki, İran üzərindən Avropa məhsulları Asiyaya gedəcək, Asiya malları İran və Azərbaycan üzərindən Avropaya gedəcək. Bu da hər iki dövlətin maraqlarına cavab verir.
Malik Liftiyev