Moskvada “Parlamentarizmin inkişafı” mövzusunda Beynəlxalq Forum başa çatıb. Moskvada “Parlamentarizmin inkişafı” mövzusunda Beynəlxalq Forum başa çatıb.

"Divarlar deyil, körpülər inşa olunmalı" - Deputatların forumu

Moskvada “Parlamentarizmin inkişafı” mövzusunda Beynəlxalq Forum başa çatıb.

AzNews.az xəbər verir ki, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev tədbir barədə təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Müsahibəni olduğu kimi sizə təqdim edirik:

-Dmitri İvanoviç, təhlükəsizlik sahəsində böhrandan çıxış yolu tapmaq bu gün həmişəkindən daha vacibdir. Siz forumun bu prosesə töhfəsini necə qiymətləndirirsiniz?

-Parlamentlər onları seçən vətəndaşların ehtiyac və tələblərinə həmişə cavab verirlər. Başlıca tələblərdən biri insanların təhlükəsizliyini təmin etməkdir. Ölkələrin qarşılıqlı anlaşmanı və bir-birinə etimadı qaytarması lazımdır, kompromisli qərarların işlənib hazırlanmasında isə parlamentlərin əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Təsadüfi deyildir ki, Vladimir Putin Forum iştirakçılarına təbrikində vurğulayıb: indiki şəraitdə parlament diplomatiyasına son dərəcə böyük ehtiyac var: hətta dövlətlərin mövqeyinin əsaslı surətdə haçalana biləcəyi yerlərdə deputatlar xalqlar arasında konstruktiv və çox səmərəli üfüqi əlaqələr formalaşdırırlar.

Öz seçicilərinin maraqlarını təmsil edən parlamentlər olduqca təsirli qüvvədir: Rusiya Dövlət Duması təkcə 2017-ci ildə parlamentlərarası əməkdaşlıq xətti ilə 60-dan çox ölkənin nümayəndələri ilə 154 görüş keçirib. Forumun işində iştirak etmək üçün dünyanın 96 ölkəsindən 500-dən çox deputat və ekspert, o cümlədən 58 rəsmi parlament nümayəndə heyəti və 11 beynəlxalq parlament təşkilatının nümayəndələri Moskvaya gəlib.

Azərbaycanı forumda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatı Malik Həsənov və Milli Məclis Aparatının beynəlxalq münasibətlər şöbəsinin müşaviri İlqar Nəbiyev təmsil ediblər. Azərbaycan Rusiya ilə parlamentlərarası əlaqələrin möhkəmlənməsində çox fəal iştirak edir. Ötən ilin dekabrında Moskvada “Deputatlar narkotiklər əleyhinə” mövzusunda birinci beynəlxalq konfrans keçirilib. Narkotik vasitələrə qarşı mübarizə sahəsində milli qanunvericiliklərin unifikasiyasını birlikdə müzakirə edən 43 ölkənin qanunvericiləri arasında Azərbaycan təmsilçiləri də olub. Respublika narkotik vasitələr əleyhinə mübarizəyə dair beynəlxalq müqavilələrə qoşulmaqla, bu istiqamətdə əməkdaşlığa hazır olduğunu əməli surətdə nümayiş etdirir.

Rusiya Dövlət Duması sədrinin müavini İrina Yarovaya forumda çıxışında hadisələri qabaqlamaq, bu və ya digər problemə dair əməli qərarlar hazırlamaq üçün dostluq qrupları çərçivəsində peşəkarlardan ibarət bölmələr yaratmağı təklif edib. Qeyd etmək istəyirəm ki, bizim Azərbaycanla parlamentlərarası dostluq qrupumuz artıq belə iş aparır və bununla da sülh və regional təhlükəsizlik sisteminin yaradılması işinə xidmət edir.

-Keçək təhlükəsizlik barədə məsələyə. Məlumdur ki, siz “Beynəlxalq təhlükəsizliyin möhkəmlənməsi: parlamentlərin rolu” bölməsinin işində iştirak etmisiniz. Çıxışınız hansı mövzuya həsr olunmuşdu?

-Təəssüf ki, dünyada birtərəfli sanksiyalar siyasəti və informasiya müharibələri üstünlük təşkil etməyə başlayır, bu zaman beyinləri yumaq aləti kimi hər hansı ölkənin son dərəcə şişirdilmiş mənfi obrazı təqdim edilir. Mən dedim ki, Hollivudun videoməhsullarında və kompüter oyunlarında Rusiya dəhşətli avtoritar dövlət kimi göstərilib. Şəksiz ki, bu da həm bizim gənclərin, həm də onların xaricdəki yaşıdlarının şüuruna mənfi təsir göstərir. Mən əminəm ki, Rusiya əleyhinə məhsula qanunvericiliklə müəyyən olunmuş qaydada qadağanın qoyulmasının vaxtı çoxdan çatıb!

Bu bölmənin işində Azərbaycan nümayəndə heyəti də iştirak edib. Əli Hüseynlinin çıxışı çox emosional idi, çünki o, hər bir azərbaycanlının qəlbinə yaxın bir mövzudan - beynəlxalq hüquq normalarına ciddi riayət olunması problemindən danışırdı.

-Söhbət nədən gedirdi?

-Bəzi dünya dövlətlərinin hər hansı repressiya tədbirini BMT-dən yan keçməklə həyata keçirmək siyasəti Forumda pisləndi. Bunun ən yaxın tarixi nümunələri Amerika qoşunlarının İraq, Liviya və Suriyaya hərbi müdaxiləsi, yaxud ABŞ-ın İranla nüvə sazişindən imtina etmək niyyətidir. Belə siyasət təkcə beynəlxalq hüquq prinsiplərinə kökündən zidd deyildir, BMT-ni hörmətdən salmağa, yaxud onun qərarlarına məhəl qoymadan hərəkət etməyə hər hansı cəhd bütün dünya birliyinə meydan oxumaq deməkdir.

Əlbəttə, Dağlıq Qarabağdakı vəziyyətdən də danışıldı. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi silahlı birləşmələrin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və Azərbaycan qaçqınlarının ora qaytarılmasını tələb edir, amma bu qətnamələr indiyədək icra olunmayıb. Beynəlxalq birlik təcavüzkarı beynəlxalq hüquqa tabe olmağa və müvafiq qətnamələri yerinə yetirməyə məcbur etməlidir. Mən buna dərindən əminəm və azərbaycanlı həmkarlarımın mövqeyi ilə həmrəyəm.

Zənnimcə, Moskvada “Parlamentarizmin inkişafı” Forumunun keçirilməsi kövrək planetimizdə sülhü möhkəmləndirmək üçün mühüm vasitələrdən biridir.