Özünə demokratik deyən ölkədə yeni hökumətin parlamentin müzakirəsinə proqram təqdim etməsi, əslində normal haldır. Hələ onu demirik ki, proqramsız-konsepsiyasız heç bir hökumət fəaliyyət göstərə bilməz. Əgər o, özünü parlament və seçicilər qarşısında hesabatlı bilirsə... Özünə demokratik deyən ölkədə yeni hökumətin parlamentin müzakirəsinə proqram təqdim etməsi, əslində normal haldır. Hələ onu demirik ki, proqramsız-konsepsiyasız heç bir hökumət fəaliyyət göstərə bilməz. Əgər o, özünü parlament və seçicilər qarşısında hesabatlı bilirsə...

Paşinyana əslində hansı proqram lazımdır?

Özünə demokratik deyən ölkədə yeni hökumətin parlamentin müzakirəsinə proqram təqdim etməsi, əslində normal haldır. Hələ onu demirik ki, proqramsız-konsepsiyasız heç bir hökumət fəaliyyət göstərə bilməz. Əgər o, özünü parlament və seçicilər qarşısında hesabatlı bilirsə...

Xüsusən də parlament respublikalarında bu, daha ciddi olur. Çünki bu tipli respublikalarda hökumətin parlamentdən və onun dəstəyindən asılılığı daha çox olur.

Amma etiraf edirik ki, Ermənistan parlamentində N.Paşinyan hökumətinin təqdim etdiyi proqramın müzakirəyə çıxarılması xəbəri bizdə bir az təəccüb, bir az da ironiya yaratdı. Səbəbi də budur ki, biz hələ Paşinyandan proqram xarakterli bəyanatlar və çıxışlar eşitməmişik. Halbuki bu bir ay ərzində yeni baş nazirin bunu etmək üçün imkanları olubdur. Məsəl var, deyirlər, yaxşı at elə yerişindən də bilinir...

Düzdür, baş nazir təyin olunandan bir neçə gün sonra belə xəbərlər yayıldı ki, Paşinyan amerikalı iqtisadçı Daron Əcəmoğlunu (Türkiyədə doğulub) özünə məsləhətçi təyin etmək istəyir. Lakin sonradan nə qədər çalışsaq da bu xəbərin nə təsdiqini, nə də təkzibini tapa bildik.

Hətta D.Əcəmoğlu N.Paşinyanın təklifini qəbul etmiş olsa belə, yenə də internetdəki məlumatlara görə dünyanın “ən çox istinad edilən 10 iqtisadçısından biri”nin Paşinyanla əməkdaşlığının işarə və əlamatələrini baş nazirin çıxış və ya bəyanatlarında görmürük.

Əgər “proqram” Nikol müəllimin idiyədək səsləndirdiyi fikirlərdən, Gürcüstana səfərindən və orada hətta qonşu ölkənin ərazi bütövlüyünə dəstək ifadə etməsindən, Azərbaycanı isə israrla Dağlıq Qarabağdakı qondarma rejimi münaqişə tərəfi kimi tanımağa çağırmasından ibarətdirsə, onda... burada adamın yadına “Bəxtiyar” filmində klubu yoxlamağa gəlmiş komissiyanın klub müdiri “namuslu zəhmətkeş” Ağabala Hüseynova verdiyi bir sualı xatırladır: “Özfəaliyyətiniz elə bundan ibarətdir?”

Məsələ bundadır ki, Ermənistan iqtisadiyyatı onun siyasətinin, regiondakı çabalarının əsiridir. Bunlar dəyişməyincə ölkə iqtisadiyyatı dirçəlməyəcək. Paşinyan isə bunu başa düşmək, Ankara və Bakı ilə münasibətləri yoluna qoymaq istəmir, bir tərəfdən Rusiya ilə Qərb arasında vurnuxmaqla guya Qərbin də himayəsini və yardımını alacağını düşünür, o biri tərəfdən də regionda demək olar ki, təcrid olunmuş bir ölkəni Gürcüstandan keçən dəhlizi genişləndirməklə böhrandan çıxara biləcəyini düşünür.

Bu iki cəhdin ölkə iqtisadiyyatının reabilitasiyası üçün kafi olmadığı bir tərəfə, onların özlərinin reallaşması da sual altındadır.

Düzdür, artıq Qərbin, xüsusən də ABŞ-ın İrəvana yardım edəcəyi haqda söhbətər dolaşır. Amma burada iki nüans var. Birincisi, hipotetik yardımın həcmi elə də böyük deyildir, söhbət təxminən 300 milyon dollardan gedir. Doğrudanmı, belə bir məbləğ bu qədər sosial-iqtisadi problemləri olan ölkə üçün kifayətdir?

İkincisi, Gürcüstandan keçən dəhlizin genişləndirilməsi məsələsi də reallaşana oxşamır. Xüsusən də Kremlin Əsəd rejimini də Abxaziyanın və Cənubi Osetiyanın “suverenliyini” tanımağa təhrik etməsindən sonra çətin ki, bu sevda baş tutmuş olsun.

Bəs onda N.Paşinyan nəyə ümid edir? Bu adamın “proqram”ını görsəydik, daha dəqiq bir şey deyə bilərdik. İndilik isə konkret söz demək olduqca çətindir. Lakin güman edirik, onun səylərinin böyük bir hissəsi korrupsiyaya qarşı mübarizəyə və ölkə iqtisadiyyatının dekriminalizasiyana və depolitizasiyasına yönələcək.

Bu işlərin cəlbedici tərəfi odur ki, onların siyasi dividendləri var: bu səmtdəki səylər həm Paşinyanın populyarlığını artıra bilər, həm də onun rəqib düşərgəsinin - kriminal Qarbağ siyasi klanının iqtisadi dayaqlarını sarsıda bilər.

Üstəlik, bu yolla Paşinyan büdcəyə bir az vəsait də cəlb edə bilər ki, onun indiki vəziyyətində bu heç də az əhəmiyyət kəsb etmir.

Ancaq bütün hallarda bunların Ermənistan iqtisadiyyatı üçün güclü nəfəs olacağı düşünülmür. Bir daha deyirik ki, bu nəfəsi təmin etməyin bir yolu var: Bakı və Ankara ilə mövcud münasibətləri dəyişmək. Fəqət, N.Paşinyan bunu istəmir; ya cəsarət etmir, ya da ona erməniliyi mane olur...

Əvəzində isə elə hey israr edir ki, Dağlıq Qarabağ tərəf kimi tanınmalıdır. Deyən də yoxdur ki, münaqişə tərəfi kimi Dağlıq Qarabağ tanınacaqsa, guya Ermənistanın burada tərəf olması üçün heç bir əsası yoxdursa, sənin oğlunun Dağlıq Qarabağda nə işi var? Deyən yoxdur ki, baş nazir təyin olunan kimi yeni “milli lider” qismində Qarabağa niyə qaçırdın?

Əgər Paşinyan doğrudan da münaqişəni Azərbaycanın və Dağlıq Qarabağ ermənilərinin problemi hesab edirsə, qoy, onda erməni valideynlərin “Bizim uşaqların Qarabağda nə işi var?” sualına cavab verməyə çalışsın. Əgər Paşinyanın Ermənistanın Qarabağ problemində iştirakı ilə bağlı şübhələri varsa, qoy, orada suriyalı ermənilərin necə məskunlaşdırılmasını, erməni silahlı qüvvələrinin niyə bu bölgədə yerləşdirilməsini araşdırsın.

Ona görə də proqramla bağlı söz-söhbət adamda yalnız ironiya yaradır. Çox təəssüf ki, Ermənistanda bir proqram var – o da daşnakların bir əsr bundan əvvəl yazdıqları “proqram”dır. Bunun da məğzi hamıya bəllidir – sərsəm “böyük Ermənistan” planı! Ən qəribəsi odur ki, bunlar dılğır (ifadə erməni yazıçısı Q.Matevosyana aiddir), bəli, dılğır bir Ermənistanı yedizdirə və idarə edə bilmirlər, görəsən, “böyük Ermənistan”la nə edəcəklər, yoxsa onu da Rusiyaya icarəyə verəcəklər?

Qərəz, bunların işindən və məntiqindən baş açmalı deyil. Hiss olunanı budur ki, otuz illik münaqişə bunlara dərs olmayıb, bunlar hələ də ağıllı və ölüçülüb-biçilmiş bir nəticə çıxarmayıblar bu proseslərdən. Görünür, bunları ağıllandırmaq üçün başqa siyasətə ehtiyac var, yoxsa düzələsi deyillər. Bu iş isə bir az yubanır, daha doğrusu, özümüz bu qədər vacib və həm də savab işi bir az yubadırıq.

Həm də bu məsələdə tək biz lənglik göstərmirik. Rusiyalı politoloqlar oturub fikirləşirlər ki, ermənilər region dövlətlərinin daha hansına ərazi iddiası irəli sürə bilər? Artıq İranı, onun, səhv etmirəmsə, Urmiya gölü ətrafındakı ərazilərini erməni iddialarının növbəti ünvanı təki göstərirlər.

O gün baxıram, “prezindent”ləri A.Sarkisyan deyir ki, Rusiyada yaşayan ermənilərin ana dilindən istifadə etmək imkanı olmalıdır!

Ona görə də düşünürsən ki, bunların “proqram”ında tamam başqa söz yazmaq lazımdır. Elə özləri üçün də Paşinyanın da proqramı-filanı boş şeydir. Güman ki, Nikol müəllim özü də belə düşünür.

Əslində onun “kabineti” hələ müvəqqəti, kövrək bir siyasi razılıq zəminində fəaliyyət göstərir, ən yaxşı halda buna növbəti seçki ərəfəsində keçid hökuməti kimi baxmaq olar. Amma Paşinyan özünü elə aparır ki, guya ona Sarqsyan parlamenti bir neçə illiyə mandat veribdir!

Halbuki ən azı, özü də ürəyində gözəl bilir ki, belə deyil. Başa düşür ki, sadəcə, hazırkı şəraitdə, mərkəzi hökumətin və yerli hakimiyyətlərin böyük hissəsinin keçmiş hakim partiyanın əlində olduğu bir vaxtda seçki sevdası ona baha başa gələ bilər. Seçkiyə yalnız hakimiyyəti tam ələ alandan sonra getmək olar. Məgər demədimi ki, 1991-ci ildə keçirilən seçki istisna olmaqla, qalan bütün seçkilər Ermənistanda saxtalaşdırılıb?

O səbəbdən bu “proqram” məsələsi də oyundur, maskaraddır. Nikol müəllim yaxşı bilir ki, bir həftədən sonra bu haqda heç kim danışmayacaq. Amma bir məsələdə o, möhkəm yanılır: düzdür, insanların böyük hissəsi proqram-filan oxumur, lakin hamı cibindəki pulları saymağı bacarır və bir gün yapışır hökumətin xirtdəyindən...

Hüseynbala Səlimov
AzNews.az