ATƏT-in konfransında Azərbaycana qarşı əsassız təbliğat aparıldığı qeyd olunub

Gürcüstanın paytaxtı Tbilisidə ATƏT-in Media azadlığı ofisinin xətti ilə 15-ci “Cənubi Qafqaz media konfransı” keçirilir.

Konfransda iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, o, konfrans çərçivəsində çıxış edərək Azərbaycanda media azadlığı istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib.

H.Hacıyev qeyd edib ki, konfrans çərçivəsində dezinformasiya və təbliğat mövzularında aparılan müzakirələr əsnasında müdaxilə edərək ATƏT məkanında Azərbaycana qarşı bəzi media resursları vasitəsilə təbliğat və dezinformasiyanın aparılması halları barədə məlumat verib.

O, bu xüsusda mütəşəkkil cinayətkarlıq və araşdırmaçı jurnalistlər təşkilatı kimi fəaliyyət göstərən bir qurumun 2017-ci ilin payız ayında “laundromat” adı altında tamamilə əsassız, cəfəng və hər hansı bir araşdırma ortaya qoymadan Azərbaycana qarşı təbliğat apardığını qeyd edib və bu kimi halların ATƏT məkanında media azadlığına ciddi şəkildə xələl gətirdiyini vurğulayıb.

Həmçinin H.Hacıyev ATƏT-in Media azadlığı ofisinin bu kimi halları araşdırmasının, ATƏT-ə üzv dövlətlərin bu kimi hücumlara məruz qaldığı təqdirdə onlara dəstəyin göstərilməsinin vacibliyini qeyd edib.

AzNews.az