“PAİ-nin növbəti iclasında forumun strukturu və istiqamətləri müəyyənləşəcək” “PAİ-nin növbəti iclasında forumun strukturu və istiqamətləri müəyyənləşəcək”

Gənc deputatların Forumu təsis edildib

“PAİ-nin növbəti iclasında forumun strukturu və istiqamətləri müəyyənləşəcək”



Ekvadorun paytaxtı Kito şəhərində işinə başlayan Parlamentlərarası İttifaqın (PAİ) 128-ci Assambleyası çərçivəsində iştirakçı ölkələri təmsil edən gənc deputatların görüşü keçirilib. Bu barədə Assambleyanın iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fuad Muradov məlumat verib. F. Muradovun sözlərinə görə, 100-ə yaxın nümayəndənin iştirak etdiyi görüşdə aparılan müzakirələrdən sonra PAİ çərçivəsində gənc parlamentarilərin Forumunun yaradılması qərara alınıb: "Əsas müzakirələr Forumun gələcək fəaliyyəti ilə bağlı oldu. PAİ-nin növbəti iclasında forumun strukturu və istiqamətləri müəyyənləşəcək. İlkin müzakirələr zamanı yeni qurumun perspektivləri müzakirə edildi".

Qeyd edək ki, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ekvadorda keçirilən PAİ-nin 128-ci Assambleyasında iştirak edir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları Səməd Səmədov, Cavanşir Feyziyev, Fuad Muradov və Sahibə Qafarova daxildir. Assambleyada "Kortəbii inkişafdan məqsədyönlü tərəqqiyə doğru: yeni yanaşmalar, yeni həll yolları" mövzusunda fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın perspektivləri, münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə ediləcək. Səfər martın 29-da başa çatacaq.

Onu da bildirək ki, Parlamentlərarası İttifaq (PAİ) müstəqil dövlətlərin parlamentlərinin ümumdünya təşkilatıdır. Əsası 1889-cu ildə qoyulub. Qərargahı Cenevrə şəhərində yerləşir. Azərbaycan Respublikası Parlamentlərarası İttifaqa təşkilatın 1993-cü il aprel ayının 12-17-də Dehlidə keçirilmiş 89-cu Assambleyasında üzv qəbul olunub. Milli Məclisin 9 deputatından ibarət nümayəndə heyəti PAİ-də təmsil olunur.

Azər
AzNews.az