Xəzərin hüquqi statusunun rəsmiləşdirilməsində Azərbaycan diplomatiyasının məqsədyönlü fəaliyyəti həlledici oldu. Xəzərin hüquqi statusunun rəsmiləşdirilməsində Azərbaycan diplomatiyasının məqsədyönlü fəaliyyəti həlledici oldu.

“Azərbaycanın strategiyası qalib gəldi” - Aydın Quliyev

Xəzərin hüquqi statusunun rəsmiləşdirilməsində Azərbaycan diplomatiyasının məqsədyönlü fəaliyyəti həlledici oldu.

Bunu Trend-ə “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, bu istiqamətdə məhsuldar iş ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq fasiləsiz və konkret prinsiplərə söykənmək şərti ilə aparılırdı:

“Dənizin hüquqi statusunun rəsmiləşdirilməsi kimi çoxillik və çətin prosesdə Azərbaycan diplomatiyasının unikal özəlliklərindən biri o oldu ki, ölkəmiz danışıqlar prosesini zəiflədə və ya dayandıra bilən hadisələrin ortaya çıxmasına imkan vermədi, halbuki, başqa ölkələr tərəfindən buna hesablanmış bəzi davranışların şahidi olduq, həm də ölkəmiz Xəzər hövzəsində çoxtərəfli münasibətlərin hüquqi rejimi rəsmiləşənə qədər enerji ehtiyatlarının işlənməsi siyasətini ara vermədən davam etdirdi, Xəzərin yaratdığı tranzit və nəqliyyat imkanlarını reallaşdıra bildi. Bütün bunlar çətin və mürəkkəb diplomatik hədəflərdir. Xəzərin hüquqi statusu məsələsinin aktiv müzakirəyə çıxarılmasında və danışıqların illərdən sonra uğurla yekunlaşmasında Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin həlledici rolu olub”.

O qeyd edib ki, Xəzər konvensiyası dövlətlər üçün “qızıl orta mənafelər balansının” təmin edilməsində Azərbaycan diplomatiyasının qürür doğuran nailiyyətlərindən biridir:

“Xəzəryanı ölkələr arasında nifaq salmaq istədilər, Xəzəri bu dənizə aidiyyəti olmayan ölkələrin də hərbi gücü üçün açıq arenaya çevirmək istədilər, Xəzər hövzəsi proseslərinə təkcə beş sahilyanı dövlət yox, həm də müəyyən yaxın ölkələri rəsmən daxil etmək istədilər və sair. Regionumuzda təhlükə mənbəyi olan bu planların pozulmasında Azərbaycanın böyük payı var. Sovet ittifaqı dağılandan indiyədək Xəzəri təhlükəsizlik və əməkdaşlıq arenası kimi qoruyub saxlamaqda Azərbaycan həlledici səylər göstərib. Prezident Əliyevin “Xəzərdə hərbi iştirak bütün sahilyanı ölkələrin bərabər təhlükəsizlik prinsipinə görə müəyyənləşməlidir” fikri konvensiyanın imzalanmasına aparan bütün proseslərin tarixində xüsusi tezis kimi qalacaq. Azərbaycanın konstruktivliyi, dənizin dibinin bölgüsü barədə 2003-cü ildə imzaladığı üçtərəfli saziş və Xəzərin ekoloji sağlamlığı naminə mövcud normalara maksimum məsuliyyətli münasibəti yekun konvensiyanın uğurla imzalanmasını şərtləndirən vacib amillərdir.

Azərbaycan diplomatiyası Xəzər regionunda davamlı sülh və təhlükəsizlik üçün daha möhkəm təminat yaratdı. İndi Şimal-Cənub, Şərq-Qərb dəhlizi üstündə Azərbaycanın böyük tranzit, nəqliyyat və logistika imkanlarının yeni dövrü başlayır”.

A.Quliyev hesab edir ki, xalqların rifahı naminə Xəzərin bütün resursları istifadəyə tam şəkildə açılacaq, ancaq Azərbaycanın Xəzəri çoxillik təhlükəsizlik və əməkdaşlıq dənizinə çevirmək strategiyası qalib gəldi.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.

Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

AzNews.az