Daha siyasətdə mövsümi çalarlar da qalmayıb, hadisələr biri-birinin ardınca cərəyan edir. Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşündən heç bir gün keçmədi ki, Ermənistanın baş naziri N.Paşinyanın da Kremlə dəvət alması haqqında xəbərlər yayıldı. Daha siyasətdə mövsümi çalarlar da qalmayıb, hadisələr biri-birinin ardınca cərəyan edir. Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşündən heç bir gün keçmədi ki, Ermənistanın baş naziri N.Paşinyanın da Kremlə dəvət alması haqqında xəbərlər yayıldı.

Kreml Paşinyandan daha nələri soruşmaq istəyir?

Daha siyasətdə mövsümi çalarlar da qalmayıb, hadisələr biri-birinin ardınca cərəyan edir. Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşündən heç bir gün keçmədi ki, Ermənistanın baş naziri N.Paşinyanın da Kremlə dəvət alması haqqında xəbərlər yayıldı.

Rusiyanın xarici işlər naziri S.Lavrov bunu çox özünəməxsus bir tərzdə izah etdi: Moskva N.Paşinyanın ölkəsilə bağlı planlarını bilmək və bir də ona KTMT üzvülüyündən irəli gələn öhdəlikləri xatırlatmaq istəyir...

Bəli, “izah” elə verilibdir ki, ondan hansısa dəqiq qənaət əldə etmək olduqca çətin bir məsələdir. Əlbəttə, Kremlin N.Paşinyanın planları ilə bağlı həqiqətən də çox böyük narahatlığı var, amma hələ ki İrəvan Kremli təlaşlandıra biləcək ciddi bir addım atmayıb, əksinə Moskvanın təzyiqilə Koçaryanı azad edib, üstəlik, baş nazirin əsas müşavirlərindən birini də istefaya göndərib.

“KTMT qarşısında öhdəliklər” məsələsi də çox qəliz ifadə olunubdu, çünki N.Paşinyan bu səmtdə hələ ki bir qələt edib: Təşkilatın baş katibi olan general Y.Xaçaturova cinayət işi açıb.

Sözsüz ki, bizə adicə bir olay təsiri bağışlayan bu proseslər Kremldə başqa cür anlaşılır, ona görə ki, on illərdir Moskva İrəvandan bir reaksiya görüb: baş üstə! İndisə baş nazir bu ənənəni pozmaq olmasa da, dəyişməkdə israrlı görünür.

Amma bizi bu məsələdə bir azacıq fərqli məqam düşündürür. Soçi görüşü Azərbaycanın KTMT-a və AİB-ə üzv olacğı ilə bağlı şübhələri xeyli dərəcədə dağıtdı. Belə ki, biz prezidentlərin bəyanatlarında bunlara aid hər hansı işarə sezmədik. Amma bizim rusofillər sakitləşmək istəmir və hələ də bu mövzuda danışmaqda davam edirlər; guya məxsusi olaraq Azərbaycan üçün KTMT-da müşahidəçi ölkə statusu yaradılıb və Bakı əvvəl bu postu tutacaq, daha sonra isə KTMT-nın tam hüquqlu bir üzvü olacaq!

Onlar Paşinyanın da Moskvaya dəvət almasını da çox özünəməxsus şəkildə izah edirlər: guya onu da Kremlə məhz ona görə dəvət ediblər ki, Ermənistan prosesə maneçilik etməsin.

Nə demək olar? Rəsmilərimizin çıxış və bəyanatlarını izləməkdə davam edirik. Hələ ki hökumətin bu məsələ ilə bağlı bir işarəsi yoxdur və düşünmürük ki, belə bir ciddi məsələ tamam “məxfi” şəkildə reallaşsın.

Düzdür, ötən il Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov ölkənin AİB-ə üzv olması ilə bağlı maraqlı bir açıqlama vermişdi: “Heç vaxt “yox” demə!”...

Bu, o demək idi ki, prinsipcə, bu variant birmənalı şəkildə istisna olunmur, amma onu “hə” kimi qəbul etmək üçün də heç bir əsas və ya ehtimal yoxdur.

Ona görə də məsələdə “düyün” qalmaqdadır. Güman edirik ki, uzun müddət belə qalmayacaq. Bizə elə gəlir ki, Rusiya da hələ konkret reaksiya verməyə çətinlik çəkir. Ola bilsin ki, hər şey Ermənistandakı vəziyyətdən və “məxməri inqilab”ın hara istiqamət götürəcəyindən asılı olacaq. Əgər N.Paşinyan tamam dönük çıxarsa, Kreml məsələni içəridən həll etməyə və Ermənistandakı vəziyyəti əvvəlki halına qaytarmağa çalışacaq. Qarabağ kriminal siyasi klanının yavaş - yavaş tərpənməsi də bu ehtimalı artırır və V.Putinin R.Koçaryana zəng açıb onu təbrik etməsi də o, deməkdir ki, köhnə dostlar-nökərlər hələ unudulmayıb, Kreml istənilən an onların köməyinə müraciət edə bilər.

Yox, əgər məsələ bu yolla da həllini tapmasa, onda Kremlin nəzərləri heç sözsüz ki, Azərbaycana tərəf dönəcək. Amma necə dönəcək, bunun əvəzi nə olacaq, nə təklif olunacaq, nə tələb ediləcək – hələ ki konkret bir söz demək olmur.

Amma bu ssenarinin bir özəlliyi var. Ermənistan da Rusiyadan uzaqlaşmaq yolunu tutsa, Azərbaycanın Rusiyanın gözündə dəyəri birə - on artacaq: Gürcüstan demək olar ki, Rusiya ilə düşməndir, Ermənistanın da dönük çıxmaq ehtimalı var. Qalır, bircə Azərbaycan...

Fəqət, tələsməməliyik. Ötən dəfə də yazmışdıq ki, Azərbaycanın bloklara qoşulmamaq siyasətində Rusiyanın da maraqları nəzərə alınıb və biz Moskvaya bundan artıq xidmət göstərə bilmərik. Burada tələsmək və KTMT daxilində hansısa status almaq düzgün olmaz, çünki təxminən sel gəlməmişdən çırmanmaya bənzər bu...
Odur ki, gərək, rusofil qardaşlarımız da bir azacıq arzularını cilovlasınlar; Kremlin “almanı” gah bu tərəfə, gah da o biri tərəfə uzatmasının artıq çox şahidi olmuşuq və həmin “almanı” növbəti dəfə görəndə dərhal cummayaq üstünə. Mərhum S.Dəmirəl deyərdi ki, siyasət həm də səbr tələb edən işdir. Elə bu səbəbdən gəlin Süleyman əminin bu sözlərini unutmayaq.

Həm də daxili auditoriyaya ünvanlanmış bəyanatlarımıza bir az da işçi xarakter və real məzmun verək, arabir, boş vaxtımız olanda özümüzdən soruşaq ki, biz Qarabağı qaytarmaq üçün doğrudanmı hər şeyi edirik?

Hüseynbala Səlimov
AzNews.az