Xəbər verdiyimiz kimi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının baş katibi Tomas Qreminger Azərbaycana səfərə gəlib. O, Prezident İlham Əliyev və digər ölkə rəsmiləri ilə görüşüb. Xəbər verdiyimiz kimi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının baş katibi Tomas Qreminger Azərbaycana səfərə gəlib. O, Prezident İlham Əliyev və digər ölkə rəsmiləri ilə görüşüb.

“ATƏT-in baş katibi ilə müzakirələrin aparılması mühüm məsələdir” – Politoloq şərhi

Xəbər verdiyimiz kimi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının baş katibi Tomas Qreminger Azərbaycana səfərə gəlib. O, Prezident İlham Əliyev və digər ölkə rəsmiləri ilə görüşüb.

Millət vəkili, politoloq Elman Nəsirov AzNews.az-a görüşlə bağlı açıqlamasında bildirib ki, münaqişənin son vəziyyətilə bağlı ATƏT-in baş katibi ilə müzakirələrin aparılması siyasi əhəmiyyəti olan məsələdir:

“ATƏT-in baş katibi Tomas Qremingeri Prezident İlham Əliyev qəbul etdi. Bu görüşün əhəmiyyəti onda idi ki, üzləşdiyimiz ən böyük problem olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi funksiyasını ATƏT-in təkibində olan Minsk qrupu həyata keçirir. Bu baxımdan ATƏT-in baş katibi ilə münaqişənin son vəziyyətilə bağlı müzakirələr aparılması, real vəziyyətin qiymətləndirilməsi olduqca vacib məsələdir. Tomas Qreminger 18 iyul 2017-ci il tarixindən bu vəzifəyə keçib və 3 il müddətində bu vəzifədə qalması planlaşdırılıb.

Azərbaycan prezidenti İlham Əliyev ilk növbədə baş katibin nəzərinə çatdırdı ki, Ermənistanın baş naziri Paşinyan ilk günlərdən ziddiyyətli bəyanatlar verir və bu, bizdə acı təəssüf doğurur.

Eyni zamanda İ.Əliyev T.Qremingerə bildirdi ki, Paşinyan danışıqlarda qondarma “Dağlıq Qarabağ respublikası”nın bir dövlət kimi iştirak etməli olduğunu iddia edir. Bu, bizim üçün qəbul edilməzdir.

Məsələnin belə qoyuluşu onu göstərir ki, Paşinyan bu münaqişənin həllində maraqlı deyil və elə bəyanatlar verir ki, danışıqlar prosesi pozulsun. Paşinyan son bəyanatında, işğal altındakı Azərbaycan ərazilərini də qondarma respublikanın tərkib hissəsi kimi gördüyünü deyib. Bu, danışıqlar prosesinə vurulmuş ağır bir zərbədir. Yəni, cənab Prezident T.Qremingerin nəzərinə çatdırdı ki, Ermənistanın münaqişənin həlli ilə bağlı davranışı, siyasi bəyanatları, atdığı addımlar danışıqların bərpa edilməsinə istiqamətlənməyib. Danışıqlar olmayan yerdə şübhəsiz, müharibə versiyası aktuallaşır. Paşinyan öz siyasəti ilə münaqişənin dinc yolla deyil, hərbi yolla həllinə sürükləmiş olur.

Cənab Prezidentin mövqeyinin əsas fəlsəfəsi onunla bağlı idi. Ermənistanda insan haqları kobud şəkildə pozulur və yeni rəhbərlik siyasi opponentlərinə qarşı təzyiq göstərir. Ermənistanda demokratiya adı altında anti-demokratik addımlar atılmaqdadır. Cənab Prezidentin söylədiyi bu fikirlərin təsdiqi olaraq onu da qeyd edim ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Anemisyan, ilk növbədə Ermənistanda insan haqlarının pozulması ilə bağlı məlumatlardan bəhs etdi. Ermənistanın Milli Təhlükəsizlik xidməti ilə Xüsusi İstintaq xidmətinin rəhbərlərinin telefon danışıqlarını ortaya qoydu. Həmçinin bildirdi ki, Ermənistanda rəhbərlik öz siyasi rəqiblərinə qarşı yalnız zor dili ilə danışır. Elə bu səbəbdən də AŞPA qərar qəbul etdi ki, bu məsələ AŞPA-nın monitorinq komissiyasına tapşırılsın və araşdırmalara başlanılsın. Azərbaycan prezidentinin Tomas Qreminggerə söylədiyi bu fikirləri əslində Ermənistanın vitse-spikeri də AŞPA tribunasında səsləndirir”.

Politoloq Azərbaycan-ATƏT münasibətlərindən danışarkən təşkilatın münaqişənin həllində öz kəskin mövqeyini bildirməsini istədiyimizi deyib:

“Azərbaycan həm ikitərəfli, həm də çox tərəfli münasibətlərin inkişafında maraqlıdır. Dövlət başçımız dəfələrlə qeyd edib ki, biz qarşılıqlı hörmətə, etimada və bir-birinin daxili işlərinə qarışmayan siyasəti müdafiə edirik. Və münasibətlərimizə bu prizmadan yanaşırıq. ATƏT-ə həm də ona görə daxil olmuşuq ki, ATƏT Avropada təhlükəsizliyə cavabdehlik daşıyan qurumdur. Azərbaycan da beynəlxalq aləmdə təhlükəsizliyə böyük töhfələr verən bir dövlətdir. Buna görə də biz ATƏT ilə əməkdaşlığın inkişafında maraqlıyıq və istəyirik ki, bu təşkilat münaqişənin həlli ilə bağlı öz kəsərli mövqeyini ortaya qoysun.”

Pərvanə AĞAZADƏ
AzNews.az