İran agenturası Bakıdakı konfransın işini pozmaq istəyirdi

Elxan Şahinoğlu




Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) martın 30-da Park İNN otelində Cənubi Azərbaycan mövzusunda geniş konfrans təşkil etdi. Konfransda xeyli məzurə dinlənildi, maraqlı çıxışlar oldu, Cənubi Azərbaycandakı duruma dair filmlər nümayiş etdirildi.

Araz Aslanlı, Nəsib Nəsibli, Vəfa Quluzadə, Gültəkin Hacıbəyli, Əhməd Obalı və digərləri çıxışlarında İrandakı mövcud vəziyyətin və Güney Azərbaycanda yaşayan insanların fəallıqlarının mənzərəsini təsvir etdilər. Urmiyə gölü ətrafındakı ekoloji vəziyyətlə bağlı da geniş məruzə dinlənildi. Konfransın ən diqqət çəkən məqamı isə Güney Azərbaycanda son 3 ildə həbs edilənlərin siyahılarının adbaad çəkilməsi və fotolarının göstərilməsi oldu. Qonşuluğumda oturan "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı maraqlı qeydini diqqətimə çatdırdı: "Fikir ver, 2013-cü ilə yaxınlaşdıqca, həbsə atılanların sayı da artır".
Görünür, həbs edilənlərin sayının artması tendensiyası İran daxilində və xaricində yaranan situasiya ilə birbaşa əlaqəlidir. İranda vəziyyət gərginləşir, iqtisadi və sosial həyat ağırlaşır, xalqlara zülm artır, prezident seçkisi yaxınlaşdıqca siyasi qruplar arasında rəqabət qızışır. Və bütün bunların nəticəsi olaraq da rejim "çıxış yolunu" haqqlarını tələb edən vətəndaşların həbsində görür.

Bakıdakı konfransın sabahısı İran Azərbaycana nota verdi. Nota Azərbaycanın İrandakı səfirinə təqdim edilib. Güney Azərbaycan və İrandakı durumla bağlı ABŞ və Avropa Birliyi ölkələrində də oxşar konfranslar keçirir, çıxışlarda Tehranın siyasəti tənqid olunur. Ancaq bu zaman Tehranın səsi çıxmır və nota da yada düşmür. Ancaq oxşar toplantı Bakıda keçirilikdə, Tehran əsəbləşir və düyməyə basmağa qərar verir.

İranın müxtəlif şəhərlərində Azərbaycan əleyhinə az qala hər ay konfrans və seminar düzənlənir, bu toplantılara azsaylı xalqların separatçı təmsilçilərini də cəlb edirlər. Ötən il Bakıda "Evrovizion" yarışması keçiriləndə İran dəridən-qabıqdan çıxdı. Tehranda "Evrovizion" yarışması Bakıda keçirilməsin" səsləri gurlaşırdı. Bu azmış kimi həmin günlərdə Bakıda İrandan göndərilən terrorçular ələ keçirildi. Bu terrorçuların məqsədi yarışma zalında partlayıcı qurğu yerləşdirmək idi. Başqa qrup isə ABŞ və İsrailin Bakıdakı səfirliklərinə terror hücumları həyata keçirməli idilər. Bugünlərdə isə Tehranın bir başqa təxribatıyla üzləşmişik. Erməni separatçıları işğal altındakı Şuşada talış dilində radio açıblar.

Məqsəd aydındır, Azərbaycan daxilində gərginlik yaratmaq. Ancaq nahaq əziyyətdir, qardaşlarımız olan talışları təxribata çəkmək mümkün deyil, elə Qarabağ uğrunda döyüşlərdə neçə-neçə talış qardaşımız qəhrəmancasına şəhid olub. Buna baxmayaraq, ermənilərin bu təxribatı diqqətsiz də qala bilməz. Və məlum olur ki, bu təxribatın arxasında da Tehrandakı dairələrin "nəfəsi" duyulur. Dil üzrə mütəxəssislərin sözlərinə görə radioda çalışan işçilər İrandan gəlmələrdir.

İndi bütün bunlar İranın Azərbaycanın daxili işlərinə qarışması deyil, Bakıda konfrans keçirmək İranın daxili işlərinə qarışmaqdır? İrandakı rejim Azərbaycan dilinin istifadəsini tələb edən şəxslərin zindanlara doldurulmasına bizim seyrçi qalmamımızı istəyir? İnsan haqları və Ana dil bəşəri dəyərlərdir və bunu tələb etmək heç bir ölkənin daxili işlərinə qarışmaq deyil.

İran agenturasına bağlı olan bir neçə nəfər cidd-cəhdlə Cənubi Azərbaycanla bağlı konfransın keçirildiyi zala daxil olmaq istəyirdi. Əgər onlar gerçək medianı təmsil etsəydilər, bir problem olmazdı. Toplantı bütün media qurumları üçün açıq idi. Ancaq "dəvətsizlər" konfransın işini pozmaq üçün Park İNN otelinə göndərilmişdilər və onların heç biri içəri buraxılmadı. Doğru qərar idi. Bir dəfə regional mövzuda toplantıya qatılmışdım. Toplantıya gələn İran səfirliyinin iki əməkdaşının yerdən atmacaları və mədəniyyətsiz davranışları ilə toplantının işini pozmaq cəhdlərinin şahidi olmuşdum. Ona görə də, bu dəfə onlara belə bir imkan verilməməliydi və verilmədi də...

AzNews.az