"Biri sosial şəbəkələrdə sorğu keçirir, saxta profillər yaradır..." "Biri sosial şəbəkələrdə sorğu keçirir, saxta profillər yaradır..."

“Rüstəm müəllim də bilir ki...“ - MÜSAHIBƏ

"Biri sosial şəbəkələrdə sorğu keçirir, saxta profillər yaradır..."



AzNews.az Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin Trend-ə müsahibəsni təqdim edir:

- İqbal bəy, hazırda Ümid Partyasının prezident seçkilərinə hazırlıq prosesi hansı mərhələdədir?
- Ümid Partiyası seçkilərə hazırlaşır, strukturlarını bu istiqamətdə səfərbər edir, qarşısına qoyduğu məqsəd və məramların həyata keçirilməsi üçün əlində olan imkanlardan yararlanır. Yaxın bir ay ərzində qurultayımızı keçirməliyik. Əksər rayonlar qurultaya nümayəndələri müəyyənləşdirib.

- Bəs qurultay zamanı seçkilərlə bağlı, xüsusən də sizin "Qarabağ" blokunda müttəfiqiniz olan Azərbaycan Demokrat Partiyası ilə seçkilərdə hansısa formada əməkdaşlığınızla bağlı qərarın olacağı gözlənilirmi?
- Biz seçkilərdə iştirakla bağlı qərar vermişik. Bizim partiyanın Rəyasət Heyətinin verdiyi qərar Ali Məcilisə tövsiyə olunub, Ali Məcilis isə bu ilin yanvar ayında qurultaya partiya sədrinin prezident seçkilərində namizəd kimi iştirak etməsini tövsiyə edib. Qurultayın da qərarı yəqin ki, eyni olacaq. Bilirsiniz ki, Azərbaycanda siyasi partiyalarda sədrin namizəd olmaması anlayışı çox nadir hallarda olur. Amma ADP ilə münasibətlər və "Qarabağ" bloku çərçivəsində bunun necə həyata keçiriləcəyi sonrakı mərhələdir. ADP də bu gün öz namizədini elan edə bilər. Biz oturub danışacağıq, ortaq razılığa gəlmək imkanlarımız çox böyükdür. Əslində ADP də, Ümid Partiyası da imkanlarımızın çox geniş olduğunu bilir və biz ortaq məxrəcə gələ biləcəyik. Gəlməsək belə bu, faciə deyil, çünki cəmiyyət yekdil vahid namizəd üzərində köklənməyib ki, təkcə biz qalaq və biz də bu prosesi pozmuş kimi görünək. Amma müttəfiqliyimiz davam edəcək. Azərbaycan Demokrat Partiyası Ümid Partiyasının ən yaxın müttəfiqidir və biz çalışacağıq ki, həmin münasibətləri və birgə fəaliyyəti davam etdirməyin yollarını arayaq.

- Siz müxalifətin bir araya gələ bilməməsinin səbəblərini nədə görürsünüz?
- Fərqli baxışlar, fərqli yanaşmalar var. Bəzən daha çox bunu şəxsi iddia ilə bağlayırlar. Ancaq bu, yalnış fikirdir. Azərbaycanın gələcəyinin şəkilləndirilməsinə, layihələndirilməsinə baxış fərqi etiraf olunmasa da, amma çox ciddidir və müxalifətin hər bir hissəsi bunu ciddi şəkildə hiss edir və ifadə etməsə belə, həmin məsələlərdə fərqli düşündüyünün göstəricisi kimi bir araya gəlməkdə çətinlik çəkir. Hamı elan edə bilər ki, biz demokratıq, filan, filan, Azərbaycan, insan haqları, Azərbaycanın milli problemlərinin çözülməsi uğrunda mübarizə aparırıq və s. Amma necə? Hər kəs bunu bir vasitə, bir yol ilə görürsə, o yollara baxış da fərqləri münasibətlərə ayrılır. Xarici siyasətə, Azərbaycanın gələcəkdə tutacağı yolda baxışlar fərqlidir və o fərqlər insanları və siyasi təşkilatları bir araya gəlməyə qoymur.

- Müxalifət düşərgəsində bir sıra siyasilər bəyan edir ki, müxalifətin bir araya gələ bilməməsində İctimai Palatanın rolu böyükdür.
- İctimai Palata da müxalifətin bir kəsimidir. Neçə faiz təşkil edir o kəsim? İctimai Palata iddia edə bilər ki, 60 faiz təşkil edir, mən iddia edə bilərəm ki, 40 faiz təşkil edir, başqa biri iddia edə bilər ki, 70 faiz təşkil edir. Əgər müxalifət bir arada deyilsə, hər kəsin özünə görə bir günahı var. Mənim bir günahım var, İctimai Palatanın bir günahı var, başqa birinin bir günahı var. Əgər İctimai Palata rəhbərliyi iddia edirsə ki, Azərbaycan müxalifətinin 70 faizinin ünvanı məhz İctimai Palatadır, birləşməməyin günahının 70 faizi İctimai Palatanındır. Tutaq ki, Ümid Partiyası müxalifətin 20 faizini təşkil edir, "Qarabağ" bloku onun 25-30 faizini təşkil edirsə, 25-30 faiz günah da bizdədir. Kim daha çox iddia edirsə ki, məhz müxalifətin ünvanı da bizik, böyük partiyası, lideri də bizik, cəmiyyətin bu şəkildə olmasının da səbəbkarı onlardır. Biz iddia etmirik ki, müxalifətin tək ünvanı bizik, biz deyirik ki, müxalifətin ən iddialı ünvanlarından biriyik, məsuliyyətimizi də dərk edirik. Biz də hesab edirik ki, birliyin olmamasında bizim də bu və ya digər şəkildə günahlarımız var.

- Ana müxalifət məsələsi mütəmadi olaraq gündəmə gəlir, xüsusən də bu məsələ AXCP və Müsavatla bağlı olur. Hətta bununla bağlı sorğular da keçirilir. Sizcə ana müxalifət varmı?
- Əvvəla onu deyim ki, sorğular keçirməklə partiyanın cəmiyyətdə yerini müəyyən etmək mümkün deyil. Biri sosial şəbəkələrdə sorğu keçirir, əvvəlcədən də buna hazırlıq görür, saxta profillər yaradır, səs verir, deyir ki, üstün mənəm. Bir başqası başqa yerdə keçirir. Yəni bunların hamısı cəfəngiyyatdır. Bunlar heç biri gerçəkliyi əks etdirmir. Bu məsələnin birinci tərəfi. İkinci məsələ ana müxalifət məsələsidir. Mən ana müxalifət olmaq uğrunda mübarizə aparmıram, mən hakimiyyət uğrunda mübarizə aparıram. Amma təbii təsnifatlandırmada müxalifət kimi mövqe qoyursan və sən o təsnifata düşürsən. Bu gün Azərbaycan parlamentində müxalifətin kim olması ilə bağlı suala respondentlərin ən azı 50 faizi cavab verəcək ki, İqbal Ağazadə. Bu gün Avropa İttifaqı, ABŞ Dövlət Departamenti "parlament müxalifəti kimdir?" deyəndə bir adamın - İqbal Ağazadənin adını çəkir. Azərbaycanda bu gün bölgələrdə strukturu olan təşkilat, çevrəsi olan təşkilat barədə fikir yürüdüləndə üç partiya ağla gəlirsə, onlardan biri Ümiddir, iki partiya ağla gəlirsə, yenə də biri Ümiddir.

- Bəzi iddialar var ki, xarici qüvvələr Azərbaycana təzyiq göstərmək üçün müxalif partiya liderlərindən istifadə edir. Siz bu barədə nə düşünürsünüz və həmin liderlərə nə tövsiyə edərdiniz?
- Əlbəttə, xarici qüvvələrin Azərbaycanda maraqları var. Azərbaycanda Rusiyanın, İranın, Avropa İttifaqının, ABŞ-ın, Türkiyənin və digərlərinin maraqları var. Təbii ki, hər kəs maraqlarının ifadəçisi olan bir iqtidarın hakimiyyətdə olmasını arzulayır. Amma yanaşmalar fərqlidir. Misal üçün, İran Azərbaycanda dini bir cəmiyyətin qurulmasını istəyərdi. Rusiya onun siyasi maraqlarına cavab verən və onun maderikasına çevrilən bir hakimiyyətin olmasında maraqlıdır. Demokratiya, Azərbaycan xalqının gələcəyi onlar üçün maraqlı deyil. Geniş mənada götürəndə, digər qüvvələr də Azərbaycanı deyil, öz maraqlarını düşünürlər. Biz Azərbaycanda Rusiyanın, İranın və bu tipli ölkələrin maraqlarını ifadə edən siyasi qüvvələrin olmasını istəmirik. Mən Rüsiyanın əli ilə həyata keçiriləcək dəyişiklikləri qəbul etmirəm. Çünki daha böyük bəlalar gələcək, bunu açıq-aydın görürəm. Övladlarımız, gələcək nəsil və Azərbaycan dövləti bütövlükdə Rusiyanı seçən hakimiyyətin özündən əsrlərlə ziyan çəkər. Biz bir Azərbaycan dövlətini əldə etmişik. Bəlkə də sosial vəziyyətmiz yaxşı deyil, torpaqlarımız işğal altındadır, amma müstəqilliyimiz kimi, dövlətimiz kimi gərəkli olan bir varlığımız əlimizdədir. Nədən ötrü vuruşuruq? Mövcud dövlətin daha yaxşı yaşaması üçün. Deməli, mövcud dövləti daha pis duruma atmaq, təhlükəyə atmaq kimsənin ağlından keçməməlidir. Rusiyanın, İranın yanında yer almaq mövcud dövləti o təhlükəyə atmaqdır. Hər kəs ən azı Azərbaycan cümhuriyyətinin, Azərbaycan dövlətinin qorunması üçün mübarizə aparmalıdır, sonra onun demokratikləşməsinə sahib çıxmalıdır, çünki cümhuriyyət olmadan demokratikləşmə bir xülyadır.

- Müxalifət düşərgəsində bir sıra birliklər yaransa da tərkib demək olar ki, eynidir. Sizcə buna ehtiyac var?
- Adamlar axtarışdadır. Axtarışlar insanları yeni təşkilatlar, yeni birliklər formalaşdırmağa sövq edir. Əslində, bunlar müsbət hadisələrdir. Yetər ki, o müsbət hadisələr fərdi maraqlar üzərində qurularaq Azəbaycanı geriyə atmasın, dövləti, dövlətçiliyi təhlükəyə atmasın. Əgər atacaqsa, bu, ziyanlıdır və hamımız bunun qarşısında dayanmalıyıq. Tutaq ki, Rusiyanın yanından, İranın yanından çıxacaqsa, avtoritar rejimlərin yanından çıxacaqsa, dövlətin şəklini, quruluşunu dəyişdirməyə doğru addımlar olacaqsa, ona qarşı durmaqda özümüzdə güc tapmalıyıq.

- İqbal bəy, bu mənada bəziləri Rüstəm İbrahimbəyovu Rusiyaya işləməkdə ittiham edirlər.
- Mən Rüstəm İbrahimbəyovu gözəl bir ziyalı, ssenarist, Azərbaycanı dünyada tanıdan bir insan kimi xarakterizə edirəm. Rüstəm İbrahimbəyov bəşəri dəyərlərin adamıdır. Rüstəm müəllimin söylədiyi fikirlərdən sonra günah istək və məqsədlərinə çatmaq istəyən o adamlardadır ki, onlar Rüstəm müəllimdən siyasətçi düzəltmək istəyirlər, Rüstəm müəllimi siyasi liderə çevirmək istəyirlər. Bax, günahkar həmin adamlardır. Mən Rüstəm müəllimin Milli Şuraya rəhbərlik etmək niyyətində olmadığını deməsinə çox sevinirəm. İdeya gözəl ideyadır və Rüstəm müəllim də bilir ki, Milli Şura məsələsində onun siyasət yürüdəcək imkanları yoxdur. Mən necə iddia edə bilərəm ki, ssenari yazacağam. Halbuki, Rüstəm müəllim gözəl ssenari yazır. Rüstəm müəllimi siyasətçi, siyasi lider etmək istəyənlərin çox böyük qəbahəti var və onlar Azərbaycan qarşısında məsuliyyət daşıyırlar.

AzNews.az