YAP Vahid Ələkbərovun açıqlamasına reaksiya verdi

“Vahid Ələkbərovun bu çıxışı onun vətəni ilə bağlı düzgün mövqeyini göstərir”



AzNews.az-ın məlumatına görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, Vahid Ələkbərov Rusiya vətəndaşı olsa da, xaricdə yaşayan azərbaycanlı kimi ölkəmizdə gedən proseslərlə maraqlanır və Azərbaycanın seçəcəyi sonrakı yol onun üçün də maraqlıdır:

"Mənim üçün yaxşı xəbərdir ki, xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti ölkəmizin gələcəyini prezident İlham Əliyevdə görürlər. Vahid Ələkbərovun İlham Əliyevə simpatiyasını bildirməsi müsbət haldır".

Deputat deyib ki, Vahid Ələkbərov Azərbaycan vətəndaşı olmasa da, onun şirkəti burada fəaliyyət göstərir: "Vahid Ələkbərov xaricdə də Azərbaycanla bağlı layihələrdə iştirak etməyə çalışır. Onun bu çıxışı ana vətəni ilə bağlılığını göstərir. Ələkbərov kimi insanlar bu məsələdə düzgün mövqe tutublar".

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı iş adamı, "LUKOİL" şirkətinin prezidenti Vahid Ələkbərov bu gün APA-ya verdiyi müsahibədə bildirib ki, o, prezident İlham Əliyevi dəstəkləyir: "Mən də onun növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinin tərəfdarıyam və bu yöndə olan təşəbbüslərin hamısını dəstəkləyirəm. Bu yaxınlarda mütləq Bakıya gedib, bütün azərbaycanlıların prezidenti İlham Əliyevə dəstək verdiyimi orda da bildirəcəyəm".

Anar
AzNews.az