9 oktyabr seçkisi – beynəlxalq və yerli müşahidəçilərin gözü ilə - RƏY


Məlum olduğu kimi, AzNews.az oktyabrın 9-da keçirilən prezident seçkilərini izləyərək, səsvermənin gedişi ilə bağlı operativ məlumatları oxuculara çatdırıb. Seçki prosesinin gedişini paytaxt və bölgədəki seçki məntəqələrində səhər saatlarından başlayaraq səsvermənin yekununa qədər izləyən AzNews.az əməkdaşları mütəmadi olaraq, yeni məlumatları çatdırıb, müşahidəçilərin rəyləri ilə oxucuları tanış edib.
Seçkini izləyən beynəlxalq müşahidəçilər təkcə paytaxtda yox, respublikanın ayrı-ayrı bölgələrində müşahidələrinin nəticələrini, rəylərini açıqlayıb. AzNews.az həmin rəyləri təqdim edir.


"Azərbaycan təcrübəsini alqışlayırıq"

19 saylı Nərimanov rayon I seçki dairəsinin məntəqələrində müşahidə aparan 16 siyasi təşkilatın təmsil olunduğu Latın Amerikası və Karib dənizi ölkələrinin siyasi təşkilatlarının konfrans sədri Qustavo Karvajal Moreno: "Azərbaycanda xüsusilə barmaqlara mürəkkəb vurulması təcrübəsini alqışlayıram. Müşahidələrim zamanı hər hansı qanun pozuntusuna rast gəlməmişəm. Qadınların seçki prosesində fəallığı da bizim diqqətimizi cəlb etdi".


Bölgələrdən seçki rəyləri

Qusar üzrə beynəlxalq müşahidə qrupunun rəhbəri, Dağıstan Xalq Məclisinin sədr müavini İsakov Seyfulah Beydullahoviç rayondakı seçki prosesini izləyib. Qrup rəhbəri 51 saylı Qusar seçki dairəsinin 1, 2, 7 və 8 saylı məntəqələrində olub. O, AzNews.az-ın əməkdaşı ilə söhbətində hər-hansı qanun pozuntusu ilə rastlaşmadığını bildirib. Seçkini izləyənlər arasında olan ATƏT-in çoxsaylı təmsilçiləri paytaxtla yanaşı bölgələrdəki prosesin gedişini dəyərləndiriblər. Smirnov Vilyam (Rusiya), Yeva Kristin Urestat Pedersin (İngiltərə) 64 saylı Sabirabad ikinci seçki dairəsinin 26 saylı Şıx Salahlı kənd seçki məntəqəsində səsvermənin gedişini izləyərək, prosesdən razılıqlarını ifadə ediblər.
ATƏT-in digər qısamüddətli müşahidəçiləri Silja Gunnarsdoltir (İslandiya), Heck Bernhard (Almaniya) 63 saylı Sabirabad birinci seçki dairəsində 6 saylı şəhər seçki məntəqəsində səsvermənin gedişini izləyib. Müşahidəçilərin fikrincə, proses normal keçib. Cənubdan xarici müşahidəçilərin seçki rəyi Masallı rayonunda da beynəlxalq müşahidəçilərin seçkilərə marağı yüksək olub.
ATƏT-in Çexiyadan olan nümayəndələri Zeman Robert, Rusiyadan Axtarayev Timur və Drukin Mitri, Almaniyadan Rocky Helmud, Böyük Britaniyadan Adam Bruk və Çaver Evans rayondakı 70 və 71 saylı seçki dairələrində müşahidə aparıb. Həmin seçki dairələrini MDB ölkələrini təmsil edən müşahidə qrupunun Qazaxıstandan olan nümayəndələri də ziyarət edib. Kuttımurat-Ulı Əlimuhamməd, Aman-Turlina Tamara Uteqenovna və Ernar Baspayev AzNews.az müxbiri ilə söhbətində rayondakı seçki məntəqələrində müşahidələr apardıqlarını və seçki prosesində hər hansı qanun pozuntusu aşkarlamadıqlarını bildiriblər. Amerika səfirliyindən seçkiyə diqqət Amerikanın ölkəmizdəki səfirliyinin də seçki prosesinə diqqəti böyük olub. Səfirliyin nümayəndələri Dotokumaşe Desilva, Qarsiya Juan Karlos 63 Saylı Sabirabad birinci seçki dairəsinin 13 saylı şəhər seçki məntəqəsində səsverməni müşahidə edib. ABŞ təmsilçiləri xüsusilə seçki fəallığından razılıqlarını bildiriblər. Onlar həmçinin 63 Saylı Sabirabad birinci seçki dairəsinin 8 saylı şəhər seçki məntəqəsində səsverməni müşahidə edərək prosesin gedişindən razı qaldıqlarını deyiblər. Qeyd edək ki, ABŞ-ın ölkəmizdəki səfirinin xanımı da seçki prosesinin izləyənlər arasında olub. O, seçkinin gedişini 20 saylı Nərimanov rayon ikinci Seçki Dairəsinin 5 saylı seçki məntəqəsində izləyib. Səsvermənin gedişi ilə tanış olan xanım Morninqstar məntəqədəki yerli müşahidəçilərlə fikir mübadiləsi aparıb. MDB müşahidəçiləri razıdır MDB-dən olan müşahidəçilər Nikiyev Vadim Nikolayeviç, Varapayev Viktor Aleksandroviç, Maqdunov Vladimir İqoroviç də seçkini izləyənlər arasında olub. Onlar müşahidələrini 64 saylı Sabirabad ikinci seçki dairəsinin 3 saylı Nizamikənd seçki məntəqəsində, 63 saylı Sabirabad birinci seçki dairəsinin 11 saylı, 13 saylı şəhər seçki məntəqəsində aparıblar. Müşahidəçilərin sözlərinə görə, seçkinin gedişində heç bir qayda pozuntusuna yol verilməyib.


"Azərbaycan prezidentini təbrik etmək olar"

Azərbaycanda prezident seçkilərini izləyən Çexiya Senatının nümayəndə heyətinin rəhbəri Yaroslav Palasın da fikrincə, seçkilər yüksək səviyyədə təşkil olunub. O, bu barədə AzNews.az-ın seçkini izləyən əməkdaşı ilə söhbətində bildirib. Seçki ilə bağlı rəyini açıqlayan Y.Palas ümid etdiyini bildirib ki, seçkilərin nəticələri Azərbaycanda demokratiyanın inkişafına daha da təkan verəcək. Nümayəndə heyətinin üzvü Voitex Filip də seçkilərin yaxşı təşkil olunduğunu vurğulayıb və seçkilərin demokratik keçirildiyini bildirdib: "Mən bu gün yüzdən çox insanla danışdım. Düşünürəm ki, Azərbaycan prezidentini artıq təbrik etmək olar".


"Nəticələr seçicilərin iradəsini əks etdirir"

Azərbaycanda prezident seçkilərini müşahidə edən Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun fikrincə, nəticələr seçicilərin iradəsini əks etdirir. Qrup nümayəndələrinin seçki ilə bağlı rəyinə əsasən, müşahidələr seçkinin demokratik keçdiyini söyləməyə əsas verir. Estoniya təmsilçisi Nikolay Meinert seçkilərin demokratik şəkildə həyata keçirildiyini deyib: "Biz burada qısamüddətli missiya üçün gəlmişdik və ancaq seçki gününü müşahidə etdik. Müşahidələrimizdən deyə bilərik ki, nəticələr seçicilərin iradəsini əks etdirir. Əlbəttə, hansısa texniki səhvlərə fikir verdik, amma hər hansı texniki problemlər nəticəyə heç bir təsir göstərməyib".


"Seçkilər azad və şəffaf keçib"

Avstriya Parlamentinin deputatı Qerhard Huber seçkilərin texniki baxımdan lazımi səviyyədə təşkil edildiyini vurğulayaraq bir çox məntəqədə apardığı müşahidələrin nəticələrini əməkdaşımızla bölüşüb: "Mən hər hansı bir zorakılıq halına və ya qanun pozuntusuna yol verildiyini müşahidə etmədim. Yəni seçkilərin azad və şəffaf şəkildə keçirildiyini deyə bilərik".
Qrupun üzvü Nikolas Qriffin də müşahidələrinin müsbət nəticə doğurduğunu qeyd edib. O, müxalifətin bəzi nümayəndələrinin ona şikayət etdiyini deyib: "Onların şikayəti ziddiyyət təşkil edirdi, ancaq mən gün ərzində çalışdım ki, müxalifət üzvlərinin dedikləri şikayətlə bağlı hər hansı bir sübut tapım, lakin tapa bilmədim. Seçkilər azad və demokratik şəkildə keçirildi".

Qrupun digər üzvü, Litva Parlamentinin deputatı Linas Balsys Bakıdan kənarda da seçki məntəqələrində olduğunu deyərək qeyd edib ki, vəziyyət heç də Bakıdakından fərqli olmayıb: "Seçki ardıcıllığı və qanunlara riayət olunması yüksək səviyyədə təşkil olunmuşdu. Eyni zamanda yerli müşahidəçilərin də çox olması məni sevindirdi. Onlar çox fəal idilər, bizimlə əməkdaşlıq edirdilər. Biz yüksək seçki fəallığını da müşahidə etdik ki, bu da ən mühüm göstəricisidir".


Almanlar əmindirlər

Almaniyalı müşahidəçilərdən razılıq bəyanatı Azərbaycanda prezident seçkilərinin gedişini müşahidə etmiş Almaniyanın seçkiləri müşahidə qrupunun rəhbəri Eduard Lintnerin AzNews.az-ın əməkdaşı ilə söhbətində seçkidən razı qaldığını bildirib. Sonra o, fikirlərini bir qədər də genişləndirilmiş formada yaydığı bəyanatda ifadə etdi. Bəyanatda bildirilir ki, heyətin bütün üzvləri müşahidə aparmaq üçün seçki məntəqələrini tam sərbəst olaraq seçib və seçkiləri diqqətlə müşahidə ediblər: "10 namizədin adı seçki bülletenlərində qeydə alınmışdı, bu isə ədalətli və bərabər seçkini təmin edirdi. Seçkiqabağı müddətdə namizədlər təşviqat üçün İctimai Televiziya və Radio kanalında bərabər efir vaxtı ilə təmin olunub. Bütün namizədlərin ölkə üzrə öz seçiciləri ilə görüşmək və təşviqat aparmaq imkanları var idi. Seçki məntəqələrində və ətrafında demokratik seçki qaydalarının ciddi pozulması halları baş verməyib. Seçicilərin şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etdikdən sonra bir neçə məntəqədə səs verməsinin qarşısını almaq məqsədilə onların barmaqları mürəkkəblənib. Daha sonra seçicilər seçki bülletenlərini götürüb xüsusi seçki kabinələrinə daxil olur və heç bir müdaxilə olmadan sərbəst şəkildə səs verirdilər. Seçki bülletenləri şəffaf seçki qutularına atılırdı. Yerli orqanların nümayəndələri və ya nəzarətçi geyimli şəxslər seçki məntəqələrinin ətrafında idilər. Heyət üzvləri nə elementar demokratik qaydalara qarşı, nə də ümumiyyətlə, hər hansı zorakılıq müşahidə etməyiblər. Alman nümayəndə heyətinin bütün üzvləri prezident seçkilərinin azad və sərbəst, əsas demokratik qaydalara uyğun keçdiyinə əmindirlər". Alman heyətinin fikrincə, seçkilər eyni zamanda dövlətin öz qanunlarına uyğun keçirilib: "Azərbaycan bu seçkilərlə beynəlxalq demokratik standartlara doğru növbəti addım atıb".

GUAM nəticələrə təsir edən nöqsan tapmayıb

GUAM müşahidə missiyasının rəhbəri, təşkilatın baş katibi Valeri Çeçelaşvili isə müşahidələrin nəticəsi ilə bağlı qeyd edib ki, 35 seçki məntəqəsində müşahidələrə əsasən seçkilər beynəlxalq öhdəliklərə, demokratik seçki standartlarına uyğun keçirilib: "GUAM seçkilərin nəticələrinə təsir göstərə biləcək pozuntular aşkar etməyib. Seçkiləri azad və ədalətli kimi dəyərləndirmək olar".


Müxaliflər də seçici fəallığından razı idi

Beynəlxalq müşahidəçilərlə yanaşı, yerli müşahidəçilər də seçki prosesinin gedişini müsbət qiymətləndiriblər. MSK-dan müşahidəçi kimi qeydiyyatdan keçmiş (Amerikanın Milli Demokratiya İnstitutunun təmsilçisi kimi) AXCP Sabirabad rayon təşkilatı sədrinin müavini Tofiq Hüseynov və idarə heyətinin üzvü Sahib Rüstəmov heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildiriblər. Onlar AzNews.az-ın əməkdaşı ilə söhbətlərində 63 saylı Sabirabad birinci seçki dairəsinin 13 saylı şəhər seçki məntəqəsində olduqlarını və seçkinin gedişindən razılıqlarını ifadə ediblər: "Seçicilər çox fəaldır, hələlik heç bir qanun pozuntusu baş verməyib. Seçkidə belə fəallığı ilk dəfədir ki, görürük".

19 saylı Nərimanov rayon birinci seçki dairəsində öz təşəbbüsü ilə seçkiləri izləyən prezidentliyə namizəd Araz Əlizadənin nümayəndəsi Günay Süleymanova seçkilərin şəffaf keçirildiyini bildirib: "Seçki başlayandan prosesi müşahidə edirəm. Seçki prosesi tam normal gedir. Heç bir qayda pozuntusu qeydə alınmayıb".


Milli Şuranın müşahidəçisi: "Səsvermə normal axarında davam etdi"

Milli Şuranın məşvərətçi-müşahidəçisi Vaqif Məmmədov da məntəqədəki vəziyyəti normal qiymətləndirib: "Xırda pozuntuları nəzərə almasaq, səsvermə prosesi normal axarında davam etdi".
20 saylı Nərimanov rayon ikinci seçki dairəsinin 7 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən Müsavat Partiyasının nümayəndələri Fərhad Abbasov və Elnur Babayev səhər 7-dən etibarən seçkini müşahidə edib. Elnur Babayev seçkinin gedişi ilə bağlı fikirlərini həmin gün AzNews.az əməkdaşı ilə bölüşüb: "Səhər saat 7-dən buradayıq. Növbə ilə seçkini müşahidə eləmişik. Heç bir qayda pozuntusuna rast gəlməmişik. Məntəqədə olan beynəlxalq müşahidəçilər yerli müşahidəçilərlə görüşərək bizim fikrimizlə maraqlanıblar".


Sərdar Cəlaloğlunun nümayəndəsi: "İradım yoxdur"

19 saylı Nərimanov rayon birinci seçki dairəsinin 22 saylı seçki məntəqəsində seçki prosesini izləyən ADP sədri Sərdar Cəlaloğlunun nümayəndəsi Tələt Qəribov AzNews.az-ın əməkdaşı ilə söhbətində prosesin gedişi ilə bağlı heç bir irad bildirməyib: "Prosesin gedişi ilə bağlı heç bir iradım yoxdur".

Həmin dairənin 26 saylı seçki məntəqəsində Milli Şuranın namizədi Cəmil Həsənlini 1 nəfər müşahidəçi qismində təmsil edib. 31 saylı Xətai III seçki dairəsinin 21 saylı seçki məntəqəsində müşahidə aparan Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin məşvərətçi səs hüquqlu nümayəndəsi Dilarə Babayeva da seçki prosesində problem müşahidə olunmadığını söyləyib.


Müsavat təmsilçisi: "Heç bir qanun pozuntusuna rast gəlməmişəm"

20 saylı Nərimanov rayon 2-ci seçki dairəsinin 16 saylı seçki məntəqəsində Müsavat Partiyasının nümayəndəsi Əjdər Behbudov AzNews.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, səhər saat 7-dən etibarən məntəqədə olub: "Hər şey normaldır. İndiyədək heç bir qanun pozuntusuna rast gəlməmişəm. 20 nəfərə yaxın seçici səs verəcəyi məntəqəni səhv saldığı üçün komissiya üzvləri tərəfindən 17 saylı məntəqəyə göndərilib".

18 saylı Nərimanov-Nizami Seçki dairəsinin 5 saylı məntəqəsində çox sayda yerli və beynəlxalq müşahidəçilər səsvermə prosesini izləyib. Cəmil Həsənlinin seçki qərargahından İlyas Xəbərov və Xəzər Teyyublu, Milli Şuradan Xanbala Baxışov, YAP-dan Vüqar Səfərli, Ümid Partiyasından Qalib Əhmədli və Kənan Mikayılov, AVCİA nümayəndəsi Kamil Quliyev, Ana Vətən Partiyasından Tünzalə İsmayılova yerli müşahidəçilər arasında olub. Onlar AzNews.az-a prosesin gedişi ilə bağlı heç bir narazılıq ifadə etməyiblər.

Beləliklə, seçki günü məntəqələrdə aparılan müşahidələr və müşahidəçilərin fikirləri seçki prosesinin gedişi ilə bağlı müsbət fikir söyləməyə əsas verir. Əlavə şərhə və şəxsi mülahizələrə ehtiyac görmürük.

Elnur
AzNews.az