“El” – “Yeni Müsavat” davası pik həddə: İnanılmaz qarşılıqlı ittihamlar

"Rauf Arifoğlunun Milli Şura barəsində nəsə deməyə haqqı çatmır. O, belə ürəyiyanan idisə, Milli Şuraya arxadan zərbələr vurmayaydı. Yaddaşımız onun düşündüyü qədər də zəif deyil".


Bunu AzNews.az-a açıqlamasında "El" hərəkatının Ali Məclis sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O, R. Arifoğlunu müxalifətə qarşı xəyanətdə ittiham edib:

"Rauf Arifoğlu və onun dünən yumurtadan çıxan qardaşı və eyni ilə "Yeni Azərbaycan" qəzetini təqlid eləyən "Yeni Müsavat" qəzeti həm Milli Şuraya, həm Rüstəm İbrahimbəyova, həm də demokratik düşərgənin birləşməsində maraqlı olan digər insanlara nələr demədilər?! O, indi hansı üzlə danışır? Üstəlik irad da tutur. Onun nə "El" hərəkatı haqqında, nə də Milli Şura barəsində cınqırını belə çıxarmağa haqqı yoxdur. Nə mənəvi, nə də hüquqi baxımdan bu haqq onlarda yoxdur. Onlar Rüstəm İbrahmbəyov kimi alicənab insana dələduz damğası vurmağa cəhd göstərdilər, Eldar Namazovu "oğru" adlandırdılar, mənə "axmaq", "ağılsız" dedilər. Milli Şuranı rus xüsusi xidmət orqanlarının yaratdığını bəyan etdilər. Nə şər-şəbədə mümkün idisə, bizlərə yapışdırmağa can atdılar".

R. Arifoğlunu bütün bunları sifarişlə etdiyini bildirən Eldəniz Quliyev İsa Qəmbəri də tənqid edib:

"Çox təəssüf ki, hansı mərhələdəsə, hətta hörmətli Müsavat Partiyasının başqanı da qəzeti müdafiə elədi, Rauf Arifoğlunu qorumağa səy göstərdi. Ancaq, görünən kəndə bələdçi lazım olmadığı kimi, artıq "Yeni Müsavat"ında hansı yuvanın quşu olduğunu ört-basdır eləmək mümkün deyil. Böyük ziyalımız, ümidimiz olan professor Cəmil Həsənlini də son məqamda reklam etmələri heç də onu istədiklərindən yox, məqsədli şəkildə və riyakar niyyətlərdən irəli gələn şübhəli "xod" dan başqa bir şey deyildi".

Rauf Arifoğlu isə AzNews.az bildirib ki, seçki kampaniyası dövründə ondan əvvəl və sonra da dediklərinin, yazdıqlarının üzərində dayanır:

"Baş verənlər də mülahizələrimi, fikirlərimi təsdiq edib və haqlı çıxardıb. Əlbəttə, belə olmasını istəməzdim, lakin bu bir faktdır. Eldəniz Quliyevə gəldikdə isə onu deyə bilərəm ki, hər ikimiz bir-birimizə münasibətdə yumşaq desək, qərəzliyik. Onun mənim sözlərimə reaksiyası isə pataloji xarakter daşıyır. Çox maraqlıdır ki, Lalə Şövkətin? Əvəz Temirxanın və Rəsul Quliyevin ittihamlarına, haqsız qınaqlarına cavab verilmir. Lakin Rauf Arifoğlunun kiçik bir fikri belə, reaksiya ilə qarşılanır. Onların başında isə Eldəniz Quliyev gəlir. Niyə, onlar Rəsul Quliyevə cavab vermirlər, onu qınamırlar? Axı, Lalə Şövkət və Rəsul Quliyev həm də Milli Şuranın təsisçiləridirlər. Bu adamlar Milli Şura qarşısında öhdəlik daşıyırlar. Mən bu ölkənin vətəndaşıyam, istənilən şəxs haqda fikir söyləmək də haqqımdır".

Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru və İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu Milli Şuranın yaradılmasında iştirak edən 6 partiyanın seçki dövründəki fəaliyyətini analiz edib.

O bildirib ki, şuraya daxil olan partiyalardan biri – Rəsul Quliyevin partiyası seçki kampaniyası dövründə bütün prosesə, Cəmil Həsənliyə və ümumilikdə müxalifət düşərgəsinə zərbə vurub. Liberal Partiyasının təmsilçisi Əvəz Temirxan da ancaq aranı qatmaqla, Milli Şura formatından istifadə edərək, sağa-sola zərbələr yağdırmaqla məşğul olub.

R. Arifoğlu hesab edir ki, Milli Şurada təmsil olunan "El" Hərəkatının da seçki dövründə ümumi prosesə heç bir dəstəyi olmayıb. Belə ki, təsisçilərin 3-ü, yəni 50 faizi prosesin zərərinə işləyib.


Elvin
AzNews.az