“Azərbaycan Türkmənistana oxşasın” – Bəyanat

Ümid Partiyası qiymət artımları ilə bağlı bəyanatla çıxış edib.

Partiyanın mətbuat xidmətindən daxil olan bəyanatda bildirilir ki, artıq hökumət tərəfindən rəsmən elan edilib ki, gələn ildən kommunal və kommunikasiya xərcləri artırılacaq. 2014-cü ilin büdcəsində kommunal və kommunikasiya xərclərinin ödənilməsinə 2013-cü illə müqayisədə 84,8% çox vəsait ayrılacaq. Ötən il həmin xərclərin ümumi məbləği 346,8 milyon manat olub. Gələn il üzrə bu xərclər 641 milyon manat proqnozlaşdırılır. Hökumət növbəti ilin büdcəsində elektrik enerjisi üzrə xərclərin 25,5%, su haqqı xərclərinin 26,7%, qaz haqqının ödənilməsi xərclərinin 18,9% artımı proqnozlaşdırır. Xərclərin kəskin artımı elektrik enerjisi və su tariflərinin də artım ehtimalını gücləndirir.

"Bu artımlara ramən isə gələn ilin büdcə rəqəmlərinin analizi yüksək baza inflyasiyasının olacağından xəbər verir. Azərbaycan hökuməti iddia edir ki, qiymət artımları kommunal və kommunikasiya sahəsində əhaliyə göstərilən xidmətlərinin səviyyəsini artırmağa xidmət etmək məqsədilə nəzərdə tutulub.

Ümid Partiyası gözlənilən artımlarla bağlı olaraq narahatlığını ifadə edir. Bəyan edirik ki, bu artımları reallaşdırmamışdan öncə, hökumət Azərbaycanda istehsal edilən elektrik enerjisinin, mavi qazın və içməli suyun maya dəyərini açıqlasın. Yalnız bir fakt kifayət edir ki, qiymət artımlarının zəruriliyini qeyd edən hökumətin səhv addım atdığını sübut etmək mümkün olsun. Azərbaycanda 1 kilovat saat elektrik enerjisinin alınması üçün 450 qram mazut sərf edilir. Dünyanın ən köhnə texnalogiyaları ilə 1 kilovatt-saat elektrik enerjisinin əldə edilməsi üçün 220 qram mazut sərf edilir. Hesab edirik ki, enerji daşıyıcılarının tariflərini artırmazdan öncə hökumət bu məqama aydınlıq gətirməlidir. Eyni zamanda Azərbaycanda əhaliyə satılan 1000 kubmetr qazın istehsalı üçün 84 manat vəsait sərf edilir. Hansı ki, Rusiyada bu rəqəm 56 manata yaxındır. Türkmənistan və İranda isə 1000 kubmetr mavi qazın istehsalı üçün 42 manat sərf edilir. Azərbaycanda enerji daşıyıcılarının istehsalı üçün sərf edilən vəsaitlərinin çox olmasını kompensasiya etmək üçün hökumətin əhaliyə satılan enerji daşıyıcılarının qiymətini artırması başa düşülən deyil.

Ümid Partiyası hesab edir ki, hökumət büdcədə nəzərdə tutulan bu artımlarla bağlı qərarını dəyişməlidir. Əks təqdirdə onsuz da ağır sosial şərtlər altında yaşayan Azərbaycan vətəndaşlarının həyatı bu artımlardan sonra bir qədər də ağırlaşacaq. Eyni zamanda təbii olaraq enerji daşıyıcılarının qiymətinin artırılması inflyasiyanın artacağını da şərtləndirəcək.

Azərbaycan hökumətinə isə ritorik olaraq Türkmənistanı nümunə olaraq göstərə bilərik – bu ölkədə enerji daşıyıcıları əhaliyə pulsuz verilir. Demokratiya sahəsində Avropaya yaxınlaşa bilmirsinizsə, heç olmasa kommunal xərclərə edilən güzəştlərdə və qiymət siyasətində Türkmənistana oxşayın".

AzNews.az