Deputatlar Cənubi Azərbaycan məsələsində toqquşdu

Siyavuş Novruzovun çıxışı Sabir Rüstəmxanlını qəzəbləndirib



"Azərbaycanlılar Cənubi Azərbaycanda keçən əsrdə 3 dəfə inqilab edib. Bu gün Cənubi Azərbaycan məsələsinin Avropa və ABŞ-da aktuallaşmasına sevinməliyik". AzNews.az -ın verdiyi məlumata görə, bunu bu gün parlamentin iclasında VHP sədri Sabir Rüstəmxanlı söyləyib.

Sabir Rüstəmxanlının sözlərinə görə, ABŞ-da bu məsələni qaldıran konqresmen Cənubi Azərbaycan məsələsini qaldırdığını, azərbaycanlıların isə ona etiraz etdiyindən təəccübləndiyini deyib: "İranda Azərbaycan millətinin varlığı əldən gedir. İran Ermənistana qaz, neft verir, bəlkə silah da ötürür, Azərbaycanın əleyhinə işləyir. Bu baxımdan həmkarımız Siyavuş Novruzovun İranla Azərbaycanın münasibətlərinin pozulmasına cəhdlərin olması barədə fikirlərinə etiraz edirəm".

Sabir Rüstəmxanlı Nizami muzeyinin, "Azərnəşr"in yanında qaraj tikilməsini şəhərə hörmətsizlik sayıb. O, Şəhidlər Xiyabanının yanında soyqrım muzeyinin tikilməsini də zəruri hesab edib.

Vitse-spiker Ziyafət Əsgərov Rusiya hərbi bazalarının Ermənistana verilməsindən narahat olduğunu bildirib. O, Cənubi Azərbaycan məsələsinin ABŞ Konqresində qaldırılması ilə bağlı məsələdə isə mövqeyinin Siyavuş Novruzovla üst-üstə düşdüyünü bildirib: "Əgər o konqresmen məsələ qaldırsaydı ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, azad etsin, mən o halda konqresmeni səmimi sayardım. Bu məsələdə hissiyyata qapılmaq lazım deyil. İran məsələsini indi niyə qaldırırlar? Biz İranın, İran bizim ərazi bütövlüyümüzü tanıyır. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur, Ermənistan torpaqları da qədim Azərbaycan torpaqları olsa da, onda da gözümüz oxdur. Niyə ABŞ konqresmeni Qarabağ məsələsini qaldırmır? Deməli, məqsəd başqadır və ona görə də bu, bizə lazım deyil".

Millət vəkili İqbal Ağazadə isə Ziyafət Əsgərovla razılaşmayıb: "Bu gün Avropa ölkələrində Qarabağ məsələsi ilə bağlı aksiyalarda iştirak edənlər əsasən Cənubi Azərbaycandan olan soydaşlarımızdır. Dövlətin mövqeyi fərqli ola bilər, amma ictimai və siyasi təşkilatlar Cənubi Azərbaycan məsələsində mövqe ortaya qoymalıdırlar. Ona görə də hesab edirəm ki, Ziyafət müəllim, bu məsələdə ən qorxaq və ən hissiyyata qapılan mövqeyi siz ortaya qoydunuz".

İlkin
AzNews.az