Qabil Hüseynli: “Türkiyə başa düşür ki, Suriyaya müdaxilə NATO xətti ilə həyata keçirilməlidir” Qabil Hüseynli: “Türkiyə başa düşür ki, Suriyaya müdaxilə NATO xətti ilə həyata keçirilməlidir”

Vəfa Quluzadə: “NATO yaxınlarda Suriyaya girəcək”

Qabil Hüseynli: “Türkiyə başa düşür ki, Suriyaya müdaxilə NATO xətti ilə həyata keçirilməlidir”



Xəbər verildiyi kimi, oktyabrın 3-də Suriya hökumətinə aid olan silahlı qüvvələrin Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsinə silahlı zərbələr endirməsi 5 Türkiyə vətəndaşının ölümü, 9 nəfərin isə yaralanması ilə nəticələnib.

Hadisədən dərhal sonra NATO-ya üzv ölkələrin səfirləri dərhal toplaşaraq, müzakirələrə başlayıblar. NATO-nun qərargahında keçirilmiş toplantıda qurumun Nizamnaməsinin 5-ci maddəsinin tətbiq edilməsinin (quruma üzv dövlət hərbi müdaxiləyə uğradıqda digər üzv dövlətlər birlikdə təcavüzkara cavab verməlidir) tez olduğu bildirilsə də, NATO-nun Türkiyəyə tam dəstək verəcəyi qeyd olunub. Bu hadisədən sonra iki ölkə arasında münasibətlər gərginləşib.

Politoloq Vəfa Quluzadə deyib ki, Türkiyə ilə Suriya arasında gərginlik davam edir. Amma ortada real faktlar yoxdur: "Bu məsələlərdən istifadə edən NATO bəhanə edərək Suriyaya daxil olacaq və münaqişəyə son qoyacaq. Əgər indiki halda Suriya məsələsi həll edilməsə, ABŞ-dakı prezident seçkilərindən sonra NATO mütləq müdaxilə edəcək. Bəşər Əsəd rejiminin sonu çatıb. Amma inanmıram ki, Türkiyə bu ölkəyə hərbi müdaxilə etsin".

V.Quluzadə qeyd edib ki, Azərbaycan sərhədlərindən uzaq bir ölkədə baş verənlər bizə təsir edə bilməz. Hər şeyi Azərbaycana təhlükə kimi yamamaq olmaz.

Siyasi ekspert Qabil Hüseynli də Türkiyənin Suriyaya müdaxilə etməyəcəyini deyib: "Türkiyə bilir ki, qərb onu müharibəyə sürükləyir. Türkiyə bunun fərqindədi. Qərb Suriya azadlıq ordusunu lazım olan sursatlarla təmin edir. Burada Türkiyə öz missiyasını yerinə yetirir. Türkiyəyə atılan top mərmisi və nəticədə 5 nəfərin ölməsi təhrikçilik xarakteri daşıyır.

Amma Türkiyə sərhədboyu hərbi əməliyyatlar keçirməsinə baxmayaraq, Suriyaya hücum etməyəcək. Bu, sadəcə, Suriya rəhbərliyinə gözdağı verməkdir. Türkiyə başa düşür ki, Suriyaya müdaxilə NATO xətti ilə həyata keçirilməlidir".

Q.Hüseynli də Suriya-Türkiyə arasında baş verənlərin Azərbaycana təsir etməyəcəyini vurğulayıb.

İlkin
AzNews.az