Vitse-prezident: “Almaniya Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməz”

Ermənistanda səfərdə olan Almaniya Bundestaqının vitse-prezidenti Volfqanq Tiers Ermənistanın armenpress.am saytına müsahibə verib. Müsahibənin önəmini nəzərə alaraq, onu AzNews.az oxucularına ixtisarla təqdim edirik:

- Cənab Volfqanq, Almaniya da Fransa kimi Erməni soyqırımını inkar edənlərə qarşı cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi qəbul etməyə cəhd edə bilərmi?

- Almaniyanın mövqeyi kifayət qədər aydındır. Biz bütün bu tipli cinayətləri qınayırıq. Erməni soyqırımı ilə bağlı biz xüsusi qətnamə qəbul etmişik. Almaniya tərəfindən bu cür cinayətlərin qınanması bizim ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Biz 20-ci əsrdə baş vermiş bütün soyqırmların unudulmaması üçün lazımi tədbirlər görürük.

- Siz necə fikirləşirsiniz, Türkiyə də Almaniya Holokostu tanıdığı kimi erməni soyqırımını tanımalıdırmı?

- Bəli mən fikirləşirəm ki, Türkiyə bunu etməlidir, ancaq biz kənardan nə təzyiq göstərə bilərik, nə də nəzarət edə. Bunun üçün ciddi siyasi iradə lazımdır. Özünütənqid Türkiyə cəmiyyətinə hakim olmalıdır ki, belə bir addım atıla bilsin.

- Almaniya Cənubi Sudanın və Kosovanın müstəqilliyini tanıdı. Almaniya Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərmi?

- Xeyir. Nə belə bir istək, nə də niyyət var. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında həll olunmalıdır, Berlində yox. Bizim tərəfimizdən bu cür addımın atılması düzgün olmaz. Belə bir addım atsaq, yanlışlığa yol verərik və səlahiyyətimizi aşan işə baş qoşmuş olarıq. Biz ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara dəstək veririk. Mən hesab etmirəm ki, Almaniya məsələnin həllində önəmli rol oynayır.

- Bütün dünya Ramil Səfərovun ekstradisiyası və daha sonra əfv olunmasını qınayır. Siz necə fikirləşirsiniz, Azərbaycana qarşı hansısa tədbirlər görülməlidirmi?

- Mən fikirləşmirəm ki, Ermənistan Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlıdır. Əksinə, o fikirdəyəm ki, Ermənistan sülhün bərqərar olmasını istəyir. Səfərovla bağlı məsələ mübahisəlidir. Bu məsələ əslində, Azərbaycanın zəif tərəflərini ortaya qoydu, nəinki güclü tərəflərini.

- Fikirləşmirsiniz ki, Azərbaycana qarşı sanksiya tətbiq olunarsa, bu cür addımların qarşısı alına bilər?

-Xeyir. Sanksiya və qətnamə ilə nəyəsə nail oluna biləcəyini düşünmürəm. Dövlətlər etməli olduqlarını onsuz da edəcəklər.

Sadiq Musa
AzNews.az