14 yaşlı yeniyetməni gürzə sancdı

Tərtər rayonunda 14 yaşlı oğlanı gürzə sancıb. Yeniyetmə ilan sancması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Bu barədə məlumatı AzNews.az-a şöbə müdiri Azər Maqsudov verib.

A.Maqsudovun sözlərinə görə, gürzə yeniyetmənin sol əlindən sancıb və boyun nahiyəsinə qədər şiş yaranıb: "Hazırda yeniyetmə kritik vəziyyətdədir". Məlumat üçün bildirək ki, bu son həftədə ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilən ikinci 14 yaşlı uşaqdır. Bundan əvvəl ağır vəziyyətdə xəstəxanaya gətirilən 14 yaşlı Bakı sakini isə bu gün evə buraxılır: "Ötən illə müqayisədə bu il ilan sancmaları ilə bağlı müraciətlər artıb. Buna səbəb də havaların isti keçməsidir. Havanın temperaturu 15-20 dərəcəyə düşənə qədər ilanlarda aktivlik hiss ediləcək".

Qeyd edək ki, hazırda Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində zəhərli həşəratların sancması diaqnozu ilə 4 xəstə müalicə olunur ki, bu hadisələrdən də biri hörümçəyin növü olan qaraqurd sancmasıdır.

Elnarə Əlosmanqızı
AzNews.az