Gülər Əhmədovanın deputat vəsiqəsi niyə geri alınmayıb?

"Deputat mandatı əlindən alınıbsa, yəqin ki, vəsiqəsi də alınar". Bunu AzNews.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib.

O bildirib ki, vəsiqənin Gülər Əhmədovadan alınması barədə məlumatı yoxdur: "Mandatı ləğv olunduqdan sonra millət vəkilinə məxsus olan döş nişanı və vəsiqənin geri alınması barədə məlumatsızam".

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu da bu barədə məlumatsız olduğunu bildirdi: "Əsas mandatdır, bu millət vəkilinin əlindən alınıbsa, vəsiqənin nə əhəmiyyəti? Vəsiqənin və döş nişanının geri alınması barədə məlumatım yoxdur".

Respublika Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldar Sultanov bu məsələnin onlara aid olmadığını deyib.

Xatırladaq ki, oktyabrın 3-də Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 3-də Gülər Əhmədovanın deputatlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

İlkin Pirəli
AzNews.az