Avropa niyə Azərbaycana qarşı çevrildi – Partiya sədrindən maraqlı şərh

“Avropa Birliyi Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə həqiqətən, sərtliyi ilə seçilən, diqqətçəkən siyasi sənəddir. Buna görə də cəmiyyətin müxtəlif kəsimləri sənədə münasibətlərini bildirirlər”.

Bunu AzNews.az-a Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, bu sənədi təkcə YAP hakimiyyətinə qarşı olan münasibət kimi dəyərləndirmək düzgün deyil:
"Təbii ki, seçki ərəfəsi nümayiş etdirilən mövqe siyasi çalar və məqsədlərlə boyanmış halda təzahür edir. Bunsuz olmur. Ola bilər, bir çoxları AB parlamentinin addımını iqtidara qarşı hərəkət kimi dəyərləndirsin. Fərqli baxdığımdan, bunu iqtidardan əvvəl Dövlətə qarşı həqarət sayıram. Avroparlamentin qəbul etdiyi siyasi sənədi təmamilə əsassız adlandırmaq olmur. Çünki ölkə siyasətinin bəzi mənfi halları orada əksini tapıb. Ölkənin siyasi həyatında rəqabət aparan qüvvələr arasında münasibətlərdə müvazinatı gözləyəcək mexanizmlər ya işləmir, ya da işlədilmir. Hakimiyyətin formalaşmasında təbii seçimi təmin edəcək vərdişlər aradan qalxmaq ərəfəsindədir. Ölkədə demokratiya sahəsində problemlərin mövcudluğunu nüfuzlu Avropa strukturu bu gün deməyə başlayıbsa, müxalifət sənəddə gətirilən həqiqətə yaxın azsaylı tezisləri son illərdə daha tutarlı, daha əsaslandırılmış şəkildə mütəmadi olaraq bəyan edir. Seçkilərin keçirilməsinə bizlər etiraz bəyanatlarını dünyaya duyuranda, avropalı məmurlar "pozuntular var, həlledici miqyasda deyil, proses demokratiyaya doğru bir addımdır"məzmununda bəyanatlar verir, dolayısı ilə bu gün şikayətləndikləri durumun zəminini hazırlayırdılar.

Müstəqilliyin ilk illərində təşəkkülə qədəm qoymuş siyasi sistemin vacib elementi sayılan partiyalar sıradan çıxarıldıqda, Qərb diplomatları praqmatikcəsinə susur, demokratik hərəkatın yerinə öz əlaltılarını- qrant düşkünlərini və sırğalı gəncləri formalaşdırmağa cəhd edirdilər. Qərbin dövlətimizin perspektivinə bu iyrənc münasibət hamımızın gözü qarşısında baş verib. Maraqlıdır, bu gün nə baş verir ki, Avropa Birliyi Azərbaycana qarşı belə "bozluq" nümayiş etdirir? Nədir onları Dövlətimizə, onun rəsmi təmsilçilərinə qarşı belə qəzəbləndirən? Nəyə görə belə həssas dönəm-seçki ərəfəsi seçilib?"



Partiya sədri hesab edir ki, qətnamə müəlliflərinin Azərbaycanla bağlı bir neçə planı ola bilər: "İlk növbədə qeyd olunmalıdır ki, bu qərar adı çəkilən qurumların maraqlarından doğur, zatən onlar bizim siyasi inkişafımızda maraqlı deyillər. Elə isə güdülən məqsədləri ehtimallar kimi sıralıyaq:

- AB Azərbaycanın sahib olduğu neft və tikiləcək ixrac qaz kəmərlərinə nəzarəti üzərinə çəkmək istəyir.
- AB məmurları seçki ərəfəsi təzyiq göstərərək, rüşvət qoparmaq məqsədi güdür.
- Dağlıq Qarabağ konfliktində Azərbaycanın gəldiyi üstün durumda bizi zəiflətmək məqsədi güdülür.
- Azərbaycanı Rusiya ilə konfliktə cəlb etməkdə çətinlikləri aradan qaldırmaq istənilir. Bu yolla Moldovada Dnestryanı ərazidə, Azərbaycanda Qarabağda və Gürcüstanda hərbi konfliktləri qaynar fazaya keçirməklə Ukrayna cəbhəsini genişləndirmək arzulana bilər. Qərb Rusiyanın hərbi xərclərinin və itkilərinin artmasında maraqlıdır.

Azərbaycanın Rusiyaya qarşı sanksiyalarda yer almaması da Qərbi qıcıqlandıran faktorlardandır və sairə. Bu versiyaların hansısa, yaxud da hamısı, ola da bilər yazılmayan amil belə eybəcər qətnamənin ərsəyə gəlməsinə səbəb olub.


Bu versiyaların hansının dəqiq olmasından asılı olmayaraq, bir məsələdə əminəm ki, onların bu hoqqası bizim xeyrimizə deyil. Ümumiyyətcə, Qərb müsəlman dövlətlərini şaquli idarəçilikdən məhrumetmə xətti götürüb, "idarə olunan xaos" nəzəriyyəsi ilə bütöv və hüzurlu dövlətləri xəritədən silir. İraq dövlətinin mövcudluğuna kimi inandıra bilərlər? Liviyanı səhralarda sosial güvənc və rifah vahəsindən xarabazara çevirən qüvvələr kimdir? Misirdə demokratik prezidenti devirib hakimiyyətə hərbi diktatoru gətirib, sonra onu dünyaya sırıyan dövlətlər hansılardır? Suriyanı darmadağın edib, insanlarını dənizlərdə və kamyonlarda boğan, hasara alıb heyvana verilən kimi çörək atan, ərazisinə buraxmayan mədəniyyətin mənsubları kimlərdir? Yəmənin xalq hərəkatını qondarma Ərəb liqasında birləşmiş sülalə hakimiyyətlərinin orduları ilə bombalatdıran kimlərdir? Bəhreyndə əhalinin mütləq əksəriyyətini qonşu dövlətin ordu və polisi vasitəsilə "ram" etdirilməsinə göz yuman kimlərdir? Bu gün qardaş Türkiyəni təhdid edən İŞİD, PKK kimi terrorist təşkilatları maliyyələşdirən, silahlandıran və himayə edən hansılardır? Birmənalı deyirəm tərəfinə ümidlə baxdığımız və inanmaq istədiyimiz Qərb adlandırdığımız məvhum, o məvhumun tərkibi olan dövlət və strukturlar.

Yadınızdadırsa, 11-ci ilin əvvəllərində Ərəb baharını bizlərə də sırımaq təşəbbüsləri oldu. Şükürlər olsun ki, buna nail olunmadı. Allah bilir indi camaatımız harada, dövlətimiz nə vəziyyətdə idi. Avropa Birliyinə daxil olan dövlətlərin daxili işlər nazirlərinin son Brüssel toplantısında 160 000 qaçqının yerləşdirilməsinə dair qərar qəbul edilib. Altını cızmaq yerinə düşər ki, 78 milyonluq Türkiyə bu günə qədər 2mlyn suriyalı qaçqına qucaq açıb, 7 milyonluq Azərbaycan 1mlyn nəfər qaçqın və məcburi köçkünü 20 ildir himayə etdiyi halda, 500 milyonluq AB-nin belə kvotası gülünc görünür. Bu misalları gətirməkdə məqsəd ədalətli görmək istədiyimiz Avropanın işdə real görüntüsünü canlandırmaqdır. 20 ildən artıq ərazilərimizin işğalına göz yuman Qərbdən ədalət umulmasının mənasızlığına diqqəti yönəltməkdir. Avropa daxili təhlükəsizliyini təmin etmək üçün insanları daşıyan qayıqları batırırsa, Şengendən imtina edirsə, qanunvericiliyi dəyişirsə, dənizdə boğulmuş körpənin ürək dağlayan şəklini çap edən Bild nəşrini təhdid edirsə, tordan divar hörürsə, başqalarının təhlükəsizlik məsələlərinə, ərazi bütövlüyünə nədən belə sayğısızlıq nümayiş etdirir? Bütün bunları sadalamaqda məqsədim Qərbi pisləyib, kiməsə bərait qazandırmaq deyil. Azərbaycan daim Şərqlə Qərbin qovşağında olub, hər 2 mədəniyyətin elementlərini özündə çuğlaşdırıb. Bu bizim identifikasiyamız, səciyyəmizdir. Bu gün Qərbin alternativi Rusiyadır. Rusiya isə müstəqilliyin itirilməsidir. Bununla heç cürə razılaşmaq olmaz.

Fikrimcə, iqtidarda yer almış qaynar başlar soyumalıdır. Bizə nəhəng güclərlə kəllələşmək olmaz. İnanıram ki, iqtidarda da, müxalifətdə də, elə cəmiyyətdə də kifayət qədər ağıllı insan var. Bizim yeganə manevrimiz güclərin maraqlarını uzlaşdırmaq ola bilər. Eyni zamanda heç kəsə bizimlə yuxarıdan danışmaq imkanı da verilməməlidir. Sonda sizin vasitəsilə səlahiyyət sahiblərinə müraciət edirəm: cənablar, bizə qarşı qəbul olunan sənədin siyasi cavabı verilib. Bizə bir toplum olaraq, daxili anlaşma zəruridir. Daxili anlaşma güzəştlərdən keçir. Güzəşt güclü tərəfin keyfiyyətidir. Qarşıdan böyük dini bayramımız - Qurban bayramı gəlir. Bu gözəl bayramda əvfi mümkün olan şəxslərin azadlığa buraxılması daxili auditoriyaya ünvanlanmış böyük jest olardı. Eyni zamanda dövlət yeni parlamentə "hamilə"dir. Siyasi iradə nümayiş etdirərək, seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün imkanlar böyükdür. İcrası çətin olmayan belə addımlar kənarda bizə qarşı fəaliyyət göstərənlərin də əllərindən bir çox bəhanələri almış olardı".

Azər
AzNews.az