Rusiya mətbuatında azərbaycanlılarla bağlı ŞOK statistika

Rusiyada azərbaycanlı iş adamı Əfqan Rəsulovun polis tərəfindən öldürülməsindən sonra Sankt-Peterburqda adı kriminal hadisələrdə hallandırılan digər azərbaycanlılarla bağlı maraqlı məqamlar ortaya çıxıb.

Rusiya mətbuatının yazdığına görə, Rəsulovun evində girov saxlanılan Tatyana adlı qadın Əfqan Rəsulovu yox, qardaşı Akif Rəsulovu ona təcavüz etməkdə günahlandırıb.

Rəsulovlar Naxçıvanda doğulub, Rusiyaya isə 2000-ci ildə gediblər. Onlara məxsus "Kiş-Miş" restoranlar şəbəkəsi böyük gəlir gətirib. Qardaşların bahalı maşınları, daşınmaz əmlakının olduğu bildirilir.

Əfqan Rəsulov Rusiyada həm də ictimai fəaliyyətlə məşğul olaraq "Azərbaycan-Sankt-Peterburq" təşkilatının liderlərindən olub.

"Baltinfo"nun məlumatına görə, hətta təşkilatın bir illiyi münasibətilə Bakıda keçirilən mərasimə Sankt-Peterburqun rəhbər orqanlarının nümayəndələri - Sergey Makarov, Vladimr Katanev, diaspora rəhbəri Heydər İmanov, baş konsul Qüdsi Osmanov da qatılıb.

Əfqan Rəsulovun sosial mediaya marağı böyük olmasa da, Akif Rəsulov ondan fərqlənib. O, səhifəsində özü barədə bir çox məlumatlar verib. Hətta kişi striptizi göstərməyi bacardığını, tvist və "Ləzginka" oynadığını vurğulayıb.

Akif Rəsulovun sosial şəbəkədə yaratdığı qruplar arasında adı sekslə bağlı olan bir neçə qrupun da olduğu qeyd olunur.

Məlumata görə, Rəsulov qardaşları 31 yaşlı Tatyana adlı işsiz qadınla oktyabrda tanış olublar. Qadın anası və qardaşı ilə Krımdan Sankt-Peterburqa köçdüyünü bildirib. O iddia edib ki, oktyabrın 22-də onu zor gücünə Rəsulovların mənzilinə gətiriblər və Akif Rəsulov ona təcavüz edib. Qadın əlinə düşən ilk fürsətdə pəncərəni açaraq kömək çağırıb. Hadisə yerinə polis gəlib. Baş verən atışmada bir polis əməkdaşı yaralanıb, Əfqan Rəsulov isə həlak olub.

Rusiya mətbuatı bu ölkədəki Azərbaycan diasporasının ağır vəziyyətdə olduğunu bildirərək, son zamanlar baş verən qarşıdurmalara diqqəti çəkib: "9 oktyabrda Peterburq xəstəxanalarından birinə güllə yarası alan 5 azərbaycanlı gətirilib.

11 oktyabrda 3 azərbaycanlının nahar etdiyi kafeyə iki naməlum şəxs daxil olaraq onlardan birini öldürüb. Daha sonra məlum olub ki, öldürülən azərbaycanlı ilə yaralı halda bir neçə gün əvvəl xəstəxanaya gətirilən azərbaycanlı qonşu mənzillərdə yaşayırlar. Bundan daha əvvəl isə sentyabrın 29-da 10 azərbaycanlı ilə çeçenlər arasında atışma olub. Anzor Bisultanov adlı çeçen öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı azərbaycanlı Dərya Əhmədov saxlanılıb".

Sankt-Peterburqda azərbaycanlıların adının hallandığı kriminal hadisələrdən biri də "Ağdam" restoranında fəaliyyət göstərən qruplaşma ilə bağlıdır. Qrupun 2003-2009-cü illərdə Sankt-Peterburq bazarlarında alver edən azərbaycanlıları nəzarətdə saxlamağa çalışdığı məlum olub. Qrup üzvlərinin ən "məşhur" olayı isə onlara tabe olmaq istəməyən iş adamının qızını öldürülməsi olub. Qrupun 4 üzvü 21-24 il azadlıqdan məhrum edilib. "Ağdam" dəstəsinə Murad Məmmədovun başçılıq etdiyi bildirilib.

Ancaq mətbuat oktyabrın 23-də öldürülən Əfqan Rəsulovun adının indiyə qədər heç bir kriminal hadisədə hallanmadığını da vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az