“Bu qurumu yaradanları tanıyıram” “Bu qurumu yaradanları tanıyıram”

Ayaz Mütəllibov Rusiyada yaranan təşkilatdan danışdı - EKSKLÜZİV

“Bu qurumu yaradanları tanıyıram”



Azərbaycanda son iki həftə ərzində ən çox müzakirəyə səbəb olan məsələ Rusiyada yaşayan bir qrup tanınmış azərbaycanlı milyonçunun ittifaq yaratmasıdır. Hələ ki, müxtəlif aspektlərdən şərh olunan Rusiya Azərbaycan Təşkilatları İttifaqının planlarının nə olacağı dəqiq bəlli deyil. Uzun müddət Rusiyada yaşamış, Azərbaycanın ilk prezidenti olmuş və cəmi bir neçə ay əvvəl vətənə dönmüş Ayaz Mütəllibov da adıçəkilən qurum barədə nəsə deməyə tələsmir.

Eks-prezident AzNews.az-ın suallarını cavablandırarkən qeyd edib ki, yaranmış yeni qurum barədə heç bir məlumata malik deyil: "Mənim bu barədə heç bir məlumatım yoxdur. Bu haqda heç düşüncəm də yoxdur, heç nə də deyə bilmərəm".

"Yəqin ki, uzun müddət Rusiyada yaşayan bir şəxs kimi Siz həm də bu insanları yaxından tanıyırsınız, Azərbaycanın və bu ölkədə yaşayan soydaşlarımızın milli maraqları baxımından onların yaratdıqları ittifaqın hansısa təsirləri ola bilərmi"- sualına gəlincə, A.Mütəllibov –"Mən bu insanları tanımağına yaxşı tanıyıram.

Amma qürbətdə yaşadığım müddətdə onlarla nə iş birliyim, nə də münasibətim olub. Eyni zamanda diasporla da əlaqədə olmamışam. Bircə onu bilirəm ki, Rusiyada azərbaycanlıların böyük bir təşkilatı var və adı da Azərbaycanlılar Konqresidir. Başqa təşkilatlara gəlincə, mən onlarla tanış olmamışam. İndi konkret olaraq söhbətin nədən getdiyini də bilmirəm".

Gültəkin Qəhrəmanlı
AzNews.az