Gülər Əhmədova bir vədinə də əməl etməyib

Növbəti məhkəmə prosesi noyabrın 6-a təyin edilib



Ona qarşı seksual hərəkətlər edərək daha sonra şantajla hədələyən 33 yaşlı İslam Abdullayevi qətlə yetirməkdə ittiham edilən 16 yaşlı Əli Dadaşovun bu günə təyin edilən məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

AzNews.az-a daxil olan məlumata görə, məhkəmənin bu dəfə təxirə salınmasına səbəb iki şəxs arasındakı telefon danışıqları ilə bağlı məlumatın hələlik məhkəməyə təqdim edilməməsi olub. Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi noyabrın 6-a təyin edilib.

Məlumat üçün bildirək ki, Ə.Dadaşovun məhkəməsi bundan əvvəl də dəfələrlə təxirə salınmışdı. Səbəb isə əsasən şahidlərin məhkəmə prosesində iştirak etməməsi ilə bağlı olub.

AzNews.az-ın əldə etdiyi başqa bir məlumata görə isə, Ə.Dadaşovun anası övladının azyaşlı olduğunu nəzərə alaraq avqustun 4-də Azərbaycan Uşaq Fondunun rəhbəri, millət vəkili Gülər Əhmədovaya kömək üçün müraciət edib.

G.Əhmədova yeniyetmənin anasını qəbul edərək, ona kömək edəcəyini vəd etsə də, indiyə qədər faktiki olaraq ailəyə heç bir köməklik göstərməyib. Bunu isə keçmiş millət vəkili ətrafında baş verən videogörüntü qalmaqalı ilə əlaqələndirmək olar.

Elnur Əzimov
AzNews.az