Rusiya DİN-in əməkdaşı Azər Əliyev sərbəst buraxıldı – EKSKLÜZİV

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılan Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Azər Əliyev qanunsuz olaraq əmlak ələ keçirməkdə ittiham olunur.

Məlumatlara görə, Sank-Peterburq məhkəməsində Sank-Peterburq və Leninqrad vilayəti üzrə DİN Baş İdarə rəisi Vladislav Piotrovsk Frunzenski meyvə-tərəvəz kombinatının əmlakını ələ keçirməklə bağlı dindirilib. Məhkəmədə dindirilənlər arasında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyatçısı Azər Əliyev də olub. Həmin xəbərdə A. Əliyev sabiq əməkdaş kimi təqdim olunub.

Məlumatda o da bildirilir ki, hazırda həbsdə olan və əmlakın ələ keçirilməsi məsələsində əsas fiqur kimi adı hallanan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq-rəis müavini Vladimir Siç həbsindən əvvəl keçirdiyi mətbuat konfransında Azər Əliyevin adının bu məsələdə hallanmasını "Prokurorluq yanında Axtarış İdarəsi əməkdaşları tərəfindən təşkil edilən provakasiya" adlandırıb.

Azərbaycan DİN məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib. Rusiya tərəfi zabitin saxlanılması ilə bağlı Azərbaycanın müvafiq qurumlarına sorğu verməyə hazırlaşır.

AzNews.az-ın əldə etdiyi məlumata görə, Azər Əliyevin saxlanılmasında bir sıra nüanslar var. Belə ki, A.Əliyevin həbsi qanunvericiliyə uyğun olmasa da, təəssüflər olsun ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 2 ölkə arasında böhrana səbəb ola biləcək belə bir addım atıb.

Redaksiyamızın əldə etdiyi məlumatda o da qeyd olunur ki, A.Əliyevin saxlanmasının səbəbi Peterburq Baş Polis İdarəsinin rəisinin Azərbaycanın bu şəhərdəki konsulu Qüdsi Osmanovla görüşdən imtina etməsi olub. Konsul polis rəisi ilə Sankt-Peterburqda qətlə yetirilən "Kiş-Miş" restoranlar şəbəkəsinin sahibi Əfqan Rəsulovun ölümündə günahkar bilinən polis əməkdaşları ilə bağlı məlumat almaq məqsədi ilə görüşmək istəyib. Ancaq polis rəisinin razılıq verməməsi səbəbindən görüş baş tutmadığından Azərbaycan hüquq-mühafizə orqanlarının rəhbərliyi cavab tədbiri kimi Azər Əliyevin saxlanmasını həyata keçirib.

Məlumatda o da qeyd olunur ki, A.Əliyevin ailəsi ölkəmizdəki Rusiya səfirliyinə müraciət edib. A.Əliyevin müdafiəsinə vəkilin cəlb edilməsi istiqamətində ailəsi və səfirlik birgə tədbirlər həyata keçirir. A.Əliyevin məhkəmə qərarı olmadan daha artıq saxlanmasının qarşısını almaq üçün səfirlik əməkdaşları DİN-ın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməyə hazırlaşırlar.
Bu dəqiqələrdə redaksiyamıza yeni məlumat daxil oldu. Mənbə bildirir ki, Azər Əliyev artıq sərbəst buraxılıb.

Elnarə
AzNews.az