Mübariz Qurbanlı: “Prezident mütəxəssislərimizlə məsləhətləşmələr aparır”

Böyük Britaniyanın keçmiş baz naziri Toni Bleyer məsləhət xidməti göstərmək üçün Qazaxıstanla müqavilə bağlayıb. "The Times" qəzetinin yazdığına görə, Bleyerin qonorarının 16 milyon funt sterlinqə qədər artacağı bildirilib. Onu da qeyd edək ki, Britaniyalı sabiq nazir ötən il də Qazaxıstan hökumətinə hüquq, iqtisadi və siyasi islahatlarla bağlı məsləhətlər verib.

Bir neçə həftə ərzində yeni anlaşmanı icra edəcəyi gözlənilən Bleyerin artıq hazırlıq işlərinə başladığı da bildirilib. Belə ki, Bleyer Qazaxıstan hökumətinə məsləhətlər vermək üçün məsləhətçilər qrupu yaradıb və onlarla 8 milyon funt sterlinq dəyərində müqavilə imzalayıb.

Bleyerin ofisindən yeni layihənin qarşıdakı iki il üçün nəzərdə tutulduğunu da bildiriblər. Bu dəfə keçmiş baş nazir Qazaxıstana icra hakimiyyəti, dövlət satınalmaları, normativ baza islahatları layihəsinin işlənməsi, eləcə də ekoloji problemlərin həlli ilə bağlı məsləhətlər verəcək.

Maraqlıdır, bəs Azərbaycan niyə belə bir məsləhətləşmədən istifadə etmir?

Bununla bağlı AzNews.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib ki, bu metoddan istifadə mümkündür və qanunvericilikdə də qadağa yoxdur: "Ola bilsin ki, bu hakimiyyətin marağında deyil, buna ehtiyac görmür. Belə bir metoddan əlbəttə ki, Azərbaycan da istifadə edə bilər. Qanunvericilikdə də heç bir qadağa yoxdur. Məsləhətçi statusunda tanınmış şəxslərin imkanlarından neft və bəzi məsələlərdə Azərbaycanda istifadə olunur. Amma bu geniş ənənə halı almayıb. Ola bilsin gələcəkdə Azərbaycanda da bundan geniş istifadə olunsun".

YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı AzNews.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, bəzi ölkələr iqtisadiyyatını idarə etmək üçün xarici ölkələrdən mütəxəssislər dəvət edir. Yaxud da bu və ya digər tanınmış şəxsi məsləhətçi kimi cəlb edir, onun tövsiyələrindən istifadə edir. Azərbaycana gəlincə, onun sözlərinə görə, bizdə bu məsələdə özünəməxsus yol seçilib: "Azərbaycan dövləti bu məsələdə spesifik yol seçib. Biz öz mütəxəssislərimizə daha çox üstünlük veririk. Öz mütəxəssislərimiz vasitəsilə biz məsələləri həll edirik. Ölkə prezidenti də bu və ya digər məsələlərlə bağlı özümüzün mütəxəssislərimizlə məsləhətləşmələr aparır".

M.Qurbanlı onu da əlavə edib ki, Azərbaycanda xarici mütəxəssisin məsləhətindən istifadə taktikasına ehtiyac duyulmur: "Başqa ölkələr belə bir taktikadan istifadə edirlərsə, ona da normal yanaşırıq. Niyə Azərbaycan da istifadə etmir yanaşması düzgün deyil. Yüzlərlə ölkə istifadə edə də, etməyə də bilər!"

Gültəkin Qəhrəmanlı
AzNews.az