• Toplum
  • 24 Yanvar 2019 17:26
  •  746

Təhsil sistemində İKT infrastrukturu inkişaf etdirilib - nazir müavini

“Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda “dəyirmi masa” keçirilib.

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun birgə təşkilatçılığı ilə “Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda “dəyirmi masa” keçirilib.

AzNews.az xəbər verir ki, “Dəyirmi masa”da təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov, müxtəlif ali təhsil müəssisələrinin əməkdaşları, İKT və təhsil sahəsi üzrə ekspertlər, həmçinin İKT şirkətlərinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov tədbiri açaraq informasiya-kommunikasiya texnologiyalarının təhsildə rolu barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, bu il fevralın 24-ü BMT Baş Assambleyasının qərarı ilə ilk dəfə olaraq Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını bildirən nazir müavini təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb.

Məhəbbət Vəliyeva diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyası” əsasında təhsil sistemində İKT infrastrukturu inkişaf etdirilib, elektron təhsil texnologiyalarının tətbiqi genişləndirilib, təhsil sahəsinin idarə olunması və tənzimlənməsində vahid informasiya struktru formalaşdırılıb, pedaqoji kadrların İKT üzrə hazırlığı üçün nəzərdə tutulmuş bir sıra tədbirlər həyata keçirilib.

Hazırda 2746 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə qoşulub. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. Nazir müavini hazırda 12 ali təhsil müəssisəsinin Avropa Elm və Təhsil Şəbəkəsinə (GEANT) qoşulduğunu da xatırladıb. GEANT Avropada 30-dan çox ölkənin 3500-dən çox təhsil müəssisəsini özündə birləşdirən tədqiqat və təhsil ictimaiyyəti üçün internet-məlumat şəbəkəsidir.

Məhəbbət Vəliyeva qeyd edib ki, Təhsil Nazirliyinin portallarında yerləşdirilən 841-dən artıq elektron resursdan indiyədək 4 288 185 dəfədən çox istifadə olunub.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində ali təhsil müəssisələri ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Nazir müavini qeyd edib ki, nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə ali məktəblərdə yaradılan biznes inkubatorların və mərkəzlərin əsas məqsədi gənclərin İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etmək, həmçinin gənc sahibkarların innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdən ibarətdir.

Tədbirdə ali məktəblərdə informatika fənni üzrə tədris planlarının keyfiyyətinin artırılması, təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil sahəsinin informasiyalaşdırılması, təhsildə innovativ sahibkarlığın təbliğ olunması və digər mövzular ətrafında çıxışlar olub.

Səidə Nurməmmədli

AzNews.az

image description image description