- Toplum
- 29 May 2019 23:15
- 4 025
“Tələbədən Tələbəyə-7” layihəsinə yekun vuruldu - FOTOLAR

İştirakçıların hazırladıqları yekun materiallar nümayiş olunub.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində həyata keçirilən “Tələbədən Tələbəyə” layihəsinin BDU-nun 100 illiyinə həsr olunmuş 7-ci mövsümünün uğurla başa çatması münasibətilə tədbir keçirilib.
AzNews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, fakültənin dekan müavini Könül Niftəliyeva qonaqları salamlayıb. O, layihə haqda qısa məlumat verib. Bildirib ki, artıq 7 mövsümdür davam edən təlimlərdə iştirakçılar onlayn xəbərçilik, redaktə, video, montaj, SMM ( Sosial Media Meneceri ), radio, televiziya, foto və data jurnalistikası haqda biliklərə yiyələnirlər. K. Niftəliyeva qeyd edib ki, layihəni digərlərindən fərqləndirən əsas cəhət isə təlimçilərin peşəkar jurnalistlərdən deyil, məhz təcrübəli tələbələrdən ibarət olmasıdır.
Daha sonra iştirakçıların hazırladıqları yekun materiallar nümayiş olunub.
Tədbirin qonaqları tanınmış jurnalistlər Günay Yelmarqızı, Billurə Aslan, Elman Bakuvi, Elmin Bayramlı və Asif Mehman tələbələrin işlərini yüksək qiymətləndiriblər.
Həmçinin, fakültənin dekanı Vüqar Zifəroğlu, Nəzəriyyə və Təcrübə Kafedrasının müdiri Cahangir Məmmədli, Radio və Televiziya Kafedrasının müdiri Allahverdi Məmmədli fikirlərini bölüşüblər.
Sonda təlimləri uğurla başa vurmuş iştirakçılara sertifikatlar verilib.
AzNews.az







