Boşandığı arvadının evini yandırdı, 2 yaşlı uşağı öldü - Şəmkirdə dəhşət

Hadisəni törədən şəxs isə oradan uzaqlaşıb

Şəmkirdə yaşayış evində yanğın baş verib.

Hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.

Ümumi sahəsi 30 kv. metr olan bir otaqlı evdə baş verən yanğını söndürmək üçün əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, evin bütün yanar konstruksiyaları yanaraq yararsız hala düşüb.

Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb. Onun anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış. Elə yanğını da Mətanətin boşandığı şəxs törədib. Belə ki, gecə saat 3 radələrində Dəllər Cəyir kənd sakini Elmar adlı şəxs benzinlə keçmiş arvadının yatdığı otağa daxil olub və evi yandırıb. Bu barədə Mətanətin özü ifadəsində bildirib. Hadisə zamanı qadının atası və qardaşı da evdə olub. Lakin onlar yanğından xəsarət almadan xilas ola biliblər. Hadisəni törədən şəxs isə oradan uzaqlaşıb. Hazırda onun axtarışlarına başlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

AzNews.az