Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərmanı imzalayıb Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərmanı imzalayıb
  • Toplum
  • 28 Sentyabr 2020 00:08
  •  2 151

Bu gündən Azərbaycanda hərbi vəziyyətdir

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərmanı imzalayıb

Bu gündən etibarən Azərbaycanda hərbi vəziyyət elan olunub.

AzNews.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərmanı imzalayıb.

Fərmana əsasən, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib.

Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək.

Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq ediləcək.

Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib. Xüsusi giriş-çıxış rejimi tətbiq edilib, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinə komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilir.

Xarici İşlər Nazirliyinə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etmək tapşırılıb.