Şuşa ilə bağlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verildi

3 yaş qrupu və 4 nominasiya üzrə nəzərdə tutulub

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 13 noyabr - 31 dekabr tarixlərini əhatə edən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (9-11 yaş, 12-14 yaş, 15-17 yaş) və 4 nominasiya (esse, şeir, mahnı, nitq) üzrə keçirilməsi nəzərdə tutulub.

Müsabiqəyə 18-28 yaş arası gənclərin də qoşulması mümkündür. İştirakçılar 1 nominasiya üzrə iştirak edə, təqdim edilən işləri Azərbaycan, rus və ingilis dilllərində hazırlaya bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi) əlavə edərək, hazırladıqları işlə birgə shushacompetition@gmail.com ünvanına göndərməlidir.

Müsabiqənin qalibləri növbəti ilin yanvar ayında elan olunaraq diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd işğal olunmuş torpaqlarımızın azad olunması münasibətilə yeni bədii mətnlər yaratmaq, xalqımızda hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsini yüksəltməkdən ibarətdir.