• Toplum
  • 22 İyun 16:12
  •  6 603

“Ayağım amputasiya olunan gün bildim ki, ata dediyim adam əslində əmim imiş” - REPORTAJ

Bundan sonra verilən əmrə əsasən, Füzuli uğrunda döyüşlərə qatıldım

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzindəyik. Bu gün mərkəzdə Vətən Müharibəsi iştirakçılarının bir qismi protezlə təmin olunacaq.

- Xoş gördük sizi.

- Xoş gördük, 19 yaşımdayam. Vətən Müharibəsi zamanı hərbi xidmətdə idim. Artıq 10 idi. Sentyabrın 27-si müharibə başladı. İnanın, o döyüşün başlanmasını hər şeydən çox gözləyirdik. Qismət oldu. Müvəqqəti olaraq Ağcabədiyə toplaşdıq, düşərgə qurduq. Bundan sonra verilən əmrə əsasən, Füzuli uğrunda döyüşlərə qatıldım. Bir neçə postu ordumuz nəzarətə götürdü, daha sonra Cəbrayıl uğrunda gedən döyüşlərə qatıldıq. Hədəfimizə çatdıq, Cəbrayılı düşməndən azad etdik. Ordan yol aldıq Qubadlıya. Muradbəyli kəndində yaralandım. Yanımıza minomyot düşdü və ayağımın birini itirdim.

- Sağ ayağın amputasiya olundu?

- Bəli, sağ ayağım əməliyyatdan sonra amputasiya olundu. Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən protezlə təmin olunmuşam. Hazırda öyrəşmə prosesi üçün məşqlərimiz davam edir. Tam öyrəşdikdən sonra evə buraxılacam. İndi daha rahatıq. Hiss edirəm ki, öz ayağım olmasa da, protezin üzərində ən azı öz ayağımın üzərində durduğum kimi dururam. Özümü çox xoşbəxt hiss edirəm ayağımı Vətən yolunda itirdiyimə görə.

- Gələcək arzularından söz açaqmı?

- Əlbəttə, danışaq. Orta təhsilliyəm. Ali təhsil almaq fikrim var. Mənim qardaşım Xəzər Bayramov Vətən Müharibəsinin şəhididir. Füzuli döyüşləri zamanı şəhid olub. İndi fikrim Xəzərin yanındadır, ailə qurmaq haqqında düşünmürəm. İnşallah, zaman göstərər.

- Ailədə neçə övladsız?

- Bilirsiz, mənim taleyim bir az qəribədir. (Gülür) Məni öz əmimə övladlığa veriblər. Məni onlar böyüdüb, onları ata-ana bilmişəm. Yalnız yaralandığım gün ayağım amputasiya olunanda öyrəndim ki, ata dediyim adam, sən demə, əmim imiş. Hər iki ailəmi sevirəm. Hər ikisi bizimlə qürur duyur. Özümdən başqa iki bacım var, Xəzər isə şəhid olub. Təşəkkür edirəm bizi 10 milyonluq Azərbaycana qazi kimi tanıtdığınız üçün.

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov qeyd edib ki, bu gün daha 10 Vətən Müharibəsi qazisinə son nəsil protezlər təqdim edilib: “Ümumilikdə aşağı və yuxarı ətrafları amputasiya olunan 178 qazi 186 müasir protezlə təmin olunacaq. Onlardan aşağı ətrafları amputasiya olunan 70 nəfərə 72 ən son texnologiyalı protez təqdim olunub. Eyni zamanda yuxarı ətrafları amputasiya olunmuş 32 qazidən də müvafiq ölçülər götürülüb. Daha 18 nəfərin protezlə təmin olunması üçün iş aparılır. Həftə sonuna qədər 10-15 qazimizə də protezlər təqdim olunacaq. Bu cür müasir protezlər istifadəçilərə köməkçi vasitələr olmadan, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sərbəst hərəkət etməyə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, həmçinin idmanla məşğul olmağa və s. imkan verir. Protez fərdi hazırlanır, yəni bir protezin başqa bir şəxsin istifadəsi mümkün deyil, çünki protez həmin şəxsin bədən quruluşu, çəkisinə uyğun hazırlanır. Bu protezlər həmin şəxslərin fəaliyyətini 70-90 faiz bərpa edə bilir”.

Asif Məcidov əlavə edib ki, ümumilikdə aşağı ətrafları amputasiya olunmuş 70 qazinin ən son texnologiyalı protezlərlə təminatı həyata keçirilib. Eyni zamanda yuxarı ətrafları amputasiya olunmuş qazilərin də son nəsil protezlərlə təminatı üçün işlər davam edir. Bəzi qazilərdə iki ayaq və ya bir ayaq-bir qol kəsilib deyə, protez sayı adam sayından çoxdur. (APA)