• Toplum
  • 19 May 2023 13:31
  •  10 558

Bu əməkdaşlıq kənd təsərrüfatı sahəsinə müsbət təsir edə bilər - Ekspert

“Azərkosmos” və Azərbaycanın kənd təsərrüfatının ən iri şirkəti olan “Agro Dairy” peyk təsvirlərinin kənd təsərrüfatı sahələrinin monitorinqində istifadəsinə dair əməkdaşlıq müqaviləsi imzalayıb. Bu əməkdaşlıq sayəsində peyk təsvirlərindən istifadə etməklə ölkədə kənd təsərrüfatı ərazilərinin, əkinlərin inkişaf vəziyyətinin monitorinqi aparılacaq və əkin ərazilərinin elektron xəritəsinin hazırlanması layihələri həyata keçiriləcək.

Əməkdaşlıq kənd təsərrüfatının inkişafında hansı töhfələri verə bilər?

Məsələ ilə bağlı AzNews.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dünyada artıq çoxdandır ki, peyk görüntüləri vasitəsilə kənd təsərrüfatının məhsuldarlığının yüksəldilməsi təcrübəsi mövcuddur.

“Azərbaycanda da bununla bağlı müəyyən addımlar atılır. Peyk görüntülərinin təhlili vasitəsilə əkin yerlərinin təsbit edilməsi, ümumiyyətlə, məhsuldarlıqla bağlı alqoritmlərin qurulması doğru yanaşma olar. Bunun kifayət qədər effekti ola bilər, amma düzgün şəkildə tətbiq edilməlidir. Təəssüf ki, Azərbaycanda kağız üzərində olanlarla reallıq arasında ciddi fərqlər olur", - o qeyd edib.

Ekspert sonda vurğulayıb ki, “Azərkosmos”un bu işdə uğurlu nəticə əldə etməsi üçün onun verdiyi məlumatların doğru-düzgün şəkildə təhlil olunması və tətbiq olunmasına ehtiyac var: "Hesab edirəm ki, bununla bağlı mexanizm və alqoritm qurulsa, kənd təsərrüfatı sahəsinə müsbət təsir edə bilər”.

Ayan Rzayeva