MM qanunsuz süni mayalanmaya görə cəzaların sərtləşdirilməsini ilk oxunuşda qəbul edib

Azərbaycanda qanunsuz süni mayalanmaya görə cəzalar artırılır.

Bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb.

Məcəllənin 136-cı maddəsinə (qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiya) təklif olunan dəyişikliyə əsasən, şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparmaya görə əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Xatırladaq ki, qüvvədə olan qanuna əsasən, həmin əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.