- Toplum
- 22 May 20:33
- 1 354
500-ə yaxın musiqi müəllimi attestasiya imtahanından keçməyib

Bakı Xoreoqrafiya Akademiyasında növbəti infotur keçirilib
Mayın 22-də attestasiya prosesi ilə yaxından tanışlıq məqsədilə Bakı Xoreoqrafiya Akademiyasına növbəti infotur təşkil olunub.
Aznews.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Attestasiya prosesi və nəticələr açıqlanıb
İnfotur zamanı mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov attestasiya prosesi haqqında məlumat verib.
500-ə yaxın musiqi müəllimi attestasiya imtahanından keçməyib
C. Valehov qeyd edib ki, ilk mərhələ Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib:
"Fevral-mart aylarında keçirilən bu mərhələdə 1675 nəfər iştirak edib. Bu, attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Attestasiyadan uğurla keçmiş 1183 müəllimdən 650 nəfər, yəni 55 faiz bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib".
Attestasiyanın ikinci mərhələsi davam edir
Xatırladaq ki, mayın 12-də attestasiyanın növbəti mərhələsinə start verilib. İlk gün Bakı və Abşeron-Xızı regionları üzrə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlərin attestasiyası keçirilib.
23 may tarixinədək davam edəcək attestasiyaya Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə ümumilikdə 568 müəllimi cəlb olunub.
Təlimə cəlb olunan müəllimlər yenidən işə qəbul oluna biləcəklər
Bakı və Abşeron-Xızı regionlarının musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiyanın nəticələrinə əsasən, 100-dən çox müəllim müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub. Onlar müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.
Xalq çalğı alətləri və xanəndəlik üzrə attestasiya başlayır
Mayın 29-dan etibarən Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisaslarının təhsilverənləri üçün attestasiyanın keçirilməsi planlaşdırılır.
Attestasiya prosesi 2025-ci ildən etibarən tətbiq olunur
Qeyd edək ki, 2025-ci ildən başlayaraq Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə attestasiya keçirilir.