- Müşahidə məntəqəsi
- 15:30
- 1 966
Qlobal geosiyasət və Türk Dövlətləri Təşkilatı

II məqalə
Yeni antitürk dalğası
Bu, xırda hadisə deyil. Çünki türk dövlətləri elə bir geosiyasi və siyasi passionarlıq səviyyəsinə yüksəlmişlər ki, təsirləri regionlararası miqyası da aşaraq qlobal miqyasda özünü ciddi surətdə hiss etdirməkdədir. Özlərini dost kimi təqdim edənlər, lakin şəxsi ambisiyaları olan bir sıra dövlətlər belə bunu qəbul etmək istəmirlər. Məhz böyük güclərlə (ABŞ, Aİ, Rusiya, Çin, Hindistan) yanaşı, onlar da türk cəmiyyətlərinə sistemli və davamlı olaraq informasiya təsirlərinə başlamışlar. Burada bir-birinə şeytan deyənlər belə birləşmişlər.
Bir mərkəzdən türk dövlətləri daxilində təxribatçı, aravuran, türk kimliyini aşağılayan sosial, mədəni, ideologiya və s. xarakterli uydurma informasiyalarla insanları qarşı-qarşıya qoymağa, hakimiyyət – xalq birliyini pozmağa və yekunda Azərbaycan cəmiyyətini üzünü əsrlərcə ona düşmənçilik edən dairələrə tərəf tutmağa məcbur etmək istəyirlər. Həmin təsirlər okeanın o tayından – bu tayından, Şimaldan və Cənubdan və son zamanlar daha çox Yaxın Şərqdən gəlir.
Qlobal geosiyasətin sifarişçiləri
Bu prosesdə təbliğat və geosiyasət baxımından bir incə məqam vardır ki, qeyd edilməlidir. İndi antitürk əhval-ruhiyyəsi yaratmağa çalışanların təməldə olan maraqları əsrlərlə üsütörtülü yeridilən bir xəttə bağlıdır. Türk coğrafiyasına ayaqlarını basandan burada türk dövlətçilik ruhunu yox etmək və geniş əhatədə geosiyasi nizamı öz maraqlarına uyğun formalaşdırmaq istiqamətini yeritmişlər. Keçən əsrin əvvəllərində Səfəvi ilə Osmanlını tam dağıtmaq üçün (Səfəvi faktiki olaraq bir qədər əvvəl çökdürülmüşdü, lakin hüquqi ifadəsi tam başa çatmalı idi ki, “İran” adlanan dövlətin yaradılmasında öz əksini tapdı) bir neçə imperiya (Qərb imperiyaları və Rusiya) məhz həmin qlobal məqsəd üçün birgə fəaliyyət göstərdilər. Nəticədə beə bir geosiyasi mənzərə alındı:
Türk dövlətçiliyinin olduğu coğrafiyada ən geniş geosiyasi çərçivə yadlar tərəfindən müəyyənləşdirilməli idi. Türk dövlətlərinin mövcudluğu və ya yoxluğu həmin dairələr tərəfindən müəyyənləşdirilməli idi. Buna görə də türklərin siyasi şüuruna və cəmiyyətin psixologiyasına, ümumi deyirik, “ən yaxşısı və güclüsü yadlardır və onların dediklərinə əməl etsəniz xoşbəxt olacaqsınız”, fəlakətini yerləşdirdilər. “Yadlar” obrazına ruslar, yəhudilər, ingilislər, almanlar, fransızlar, amerikanlar və farslar daxil idi (lakin farslar onlardan xeyli aşağı səviyyədə imkana malik idilər).
Bu xətti Azərbaycanın Qarabağ savaşındakı qələbəsi tam sındırdı. Avtomatik olaraq, türk coğrafiyasında ən geniş anlamda geosiyasi düzənin sifarişini yad dairələr deyil, yerli dövlətlərin verməli olduğu zərurət kimi qarşıya çıxdı. 2020-ci ildən bu yana Cənubi Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə gedən siyasi, geosiyasi, informasiya, energetika, hərbi proseslər göstərdi ki, əsrlərcə hökmranlıq edənlər aparıcı rollarını itirirlər. Onlar üçün ən ağırı ondan ibarətdir ki, türk coğrafiyasının geosiyasi kimliyinin sifarişçisi, ağası və idarəedicisi olmaq rollarından məhrumdurlar.
Anlamaq lazımdır: bundan aşağı səviyyədə biz türklərə çox şirin vədlər verə bilərlər. Biri Avrasiya inteqrasiya modelini, digəri daha hiyləgər, lakin yad ssenari üzrə Avrasiya inteqrasiya ideyasını, digəri “İbrahim uşaqları” ideologiyasını, bir başqası açıqca rusçuluğu, digərləri “xilaskar Çindir” obrazını və s. sırımağa çalışarlar. Və bu zaman dostluqdan, bizim yaxşılığımızı öz türk qardaşlarımızdan daha çox istəməkdən dəm vurarlar. Onlar Qarabağ münaqişəsinin həllində ya tam olaraq ortada yox idilər, ya da Azərbaycana müəyyən silahlar satırdılar. Azərbaycanın siyasi, ideoloji, informasiya və diplomatik aspektlərdə əvvəldən axıra yanında olan tək dövlət Türkiyə oldu! Qardaş Pakistan çox dəstək verdi, lakin Türkiyə qədər əmək qoyan başqası olmadı!. Əksinə, müsəlman qardaş dediklərimiz açıq və gizli olaraq ermənilərə ciddi dəstək verdilər və indi də edirlər. Bir başqaları məsafəni nə uzaq, nə da yaxın saxlamadılar – özlərinə sərf edən məsafədə qaldılar. İndi isə nələr etməyə çalışırlar?
İki qardaş dövlət arasında nifaq salmaq üçün çox cəfəngiyyat uydururlar. Məsələn, “əsl təhlükə Türkiyədəndir, görün başınıza nə oyun açacaq, hətta dilimizə də təhlükə türk dilindəndir, səmimi və tarixi sədaqətli dost bizlərik”! Yəni real həyatda, tarixdə açıq və gizli düşmənçilik edənlər mənə yol göstərir. Ağıl verir, dostu-düşməni onun meyarları ilə müəyyən etməyimi az qala tələb edir. Hətta radikal təşkilatları ilə təhdid etməyə çalışırlar. Onun yanında sanksiyaları, “bir anda sizi məhv edərik” və sair kimi nağılları da az deyildir. Bunların fonunda bir tərəfdən tarixi faktları antitürk və anti-Türkiyə istiqamətində saxtalaşdırır, müxtəlif məkrli suallar qoyur və böhtanlar atırlar. Onların “neçənci kalonları”nın səsləri Azərbaycan KİV-in məkanından və internetdən bağırmaqdan batmaqdadır. Bütün məkrləri qardaşlığın inkişafına, türkün öz yolunu özünün müəyyənləşdirməsi hüququna malik olmasına əngəl olmaqla əlaqəlidir.
Digər fəaliyyətləri Azərbaycan cəmiyyətini daxildən qiymətsizləşdirmək, insanları bir-birinə qarşı qoymaq, etnik zəmində ixtilaflar yaratmaqla bağlıdır. Bunun üçün Azərbaycanın tarixini, onun böyük şəxsiyyətlərinin kimliyini və fəaliyyətlərini saxtalaşdırmağa girişmişlər. İndi yeni səviyyədə “arqumentli, tarixi mənbələrə əsaslanan real Azərbaycan tarixini yazmaq”la belə məşğul olanları vardır. İnternet kanallarında müxtəlif sosial, məişət, siyasi, mədəni, elmi hadisələri öz ssenarilərinə uyğun təqdim etməkdən halsızlaşmışlar. Və ən pisi odur ki, bu prosesdə özünü azərbaycanlı kimi təqdim edən, zahirən müasir görünüşlü kəslər də canfəşanlıq edirlər. Onlar Qərb, rus, fars, yəhudi, Avropa, Çin və digər dəyərləri nümunəvi obraz kimi müxtəlif kontekstlərdə təbliğ və təşviq etməyə çalışırlar.
Müşahidələr göstərir ki, bu dalğa türk dövlətləri hər hansı uğura imza atanda və ya türk mədəni, siyasi, müdafiə, təhlükəsizlik, enerji birliyini ifadə edən tədbir keçirəndə daha da qabardılır. Macarıstanda türk liderlərin qeyri-rəsmi sammiti ərəfəsi də eyni mənzərə müşahidə edildi. Türk tarixi və Azərbaycan dili ilə bağlı bir sıra qondarma fikirlər ortaya atıldı. Bəlkə də tarix və dillə bağlı bir sıra məqamlar keçicidir, lakin elə terminoloji dolaşıqlıq yaratmaq cəhdi özünü göstərir ki, üzərində bir qədər geniş dayanmaq lazımdır.
“Türkdilli dövlət”, yoxsa “türk dövləti”?
Bəzi “milli” və real antimilli dairələr türk dövlətlərinin kimliyini müxtəlif terminlərlə təhrif edərək, əslində, Türk dünyasının real birliyinə qarşı çıxırlar. Onun əlamətlərindən biri hələ də hətta Azərbaycn KİV-də “türkdilli dövlət” ifadəsini TDT kontekstində işlətmələridir. “Türkdilli dövlət” nə deməkdir? Yəni bir dövlətin dili türkdürsə, onun mahiyyətini, dövlətçilik kimliyini necə adlandırmaq olar? Burada iki variant ola bilər: birincisi, dili türk olan dövlətin özü də türk dövlətidir, ikincisi, dili türkdür, lakin cəmiyyəti və dövlətin mahiyyəti türk deyil. Bu suallara cavab üçün iki nümunəyə baxaq.
Nursultan Nazarbayev təklif etmişdi ki, türk dövlətləri üçün “türkdilli” deyil “türk dövlətləri” ifadəsi işlədilsin. Ondan əvvəl Ulu öndər dəfələrlə bəzi istisnalar olmaqla (mövzudan asılı olaraq) “biz türkük”, “türk dövlətləri”, “bir millət iki dövlət” ifadələrini işlətmişdir. Prezident İlham Əliyev TDT kontekstində daim “türk dövlətləri” ifadəsinə üstünlük verir. Ayrıca dil məsələsinə gəldikdə isə “türkdilli dövlət” termini işlədilə bilər ki, bu da tamam başqa vurğudur.
İndi “türkdilli dövlətlər”i TDT kontekstində işlədənlər, əslində, bu dövlətlərin türk olmadığını üstüörtülü demək istəyirlər. Bəs onda həmin dövlətlərin kimliyi necədir? Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan və s.
Bəs, Macarıstan necə, türkdilli dövlətdir? Bilirik ki, türkdilli deyil! Hamı bilir! Lakin rəsmi olaraq bəyan edirlər (reallıq da belədir!) ki, türk kökənlidirlər. Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata verdikləri bəyanatlarda işlətdikləri terminlərə baxaq.
Azərbaycan Prezidenti İlham Əliyev: “Biz dost ölkələrik, strateji tərəfdaşıq. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır”.
Macarıstanın Baş Nazri Viktor Orban: “Tarixdə ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda keçirilir. Biz bu təşkilata tamhüquqlu üzv deyilik, biz müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu zirvə toplantısına ev sahibliyi edirik. Bizi sevindirən digər bir amil odur ki, bu gün beynəlxalq diplomatiyada qasırğanın hökm sürməsi, vəziyyətin gündən-günə dəyişməsi, təhlükələrin və çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə edirlər... Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı”.
Yəni, hətta Avropada yerləşən Macarıstan kökdən türk dövlətidir və buna görə də dilində digər türk dövlətlərində işlənən türkcələrə oxşar sözlər vardır. Konkret desək, məsələ bəzilərinin sırımaq istədiyi kimi, dildən dövlətə keçidlə kimlik qiyməti prosesi deyildir, dövlətdən dilə keçidlə kimlik qiyməti verməklə bağlıdır.
Bundan başqa, “türkdilli dövlətlər” ifadəsini TDT kontekstində işlədən kəslərə “ortaq türk dili” ifadəsini deyən kimi sifətləri tamam əyilir. Onda da özlərini məntiqi olaraq təkzib edirlər. Yəni, “türk dili” nədir? sualına “türkdilli dövlət” kontekstində cavab verə bilmirlər. Məntiqlə bir neçə dövlət “türkdilli”dirsə, onda vahid türk dilinə malikdirlər, yaxud işlətdikləri ya ləhcədir, ya da əsasən eynidir. Bunların hər ikisi inkaredici formada qəbul edilmir: “Azərbaycan, qazax, özbək dilləri və s. vardır”, – deyirlər. Bəs onda TDT konstekstində işlədilməyə çalışılan “türkdilli” terminində bu “türk dili” konkret hansı dili ifadə edir?
Bəxtiyar Vahabzadə nə deyərdi?
Bunları həmin “neçənci kolonlar”ın ağaları bilmirlər? Çox gözəl bilirlər. Bildikləri üçün də çılğınlıqla isteriya yaratmağa çalışırlar. Ona görə ki, reallıq belədir: Yer kürəsində bir neçə türk dövləti mövcuddur. Onların ümumi olaraq dili türk dilidir. Lakin tarixi və digər səbəblərdən hər birinin indi avtonom substantiv və funksional özəllikləri olan dili formalaşmışdır. Bizim Azərbaycan dilimiz vardır! Onu heç nə ilə əvəz etmək mümkün deyildir! Çünki Azərbaycan dili inkişaf etmiş, tam formalaşmış və özünütəşkil edən semantik, rəmzi, qrammatik, forma özəlliyinə malik zəngin dil sistemidir!
Bu dili genişləndirmək və ya zənginləşdirmək istəyənlər “nu çto”, “koneçno”, “prosto”, “tak çto” və s. kimi tamam yad kəlmələrə deyil, Azərbaycanda qədimdən işlənən təmiz türk sözlərinə və ya müasir, ən inkişaf etmiş dillərdə olan elmi, fəlsəfi, texnoloji və s. kəlmələrə baxsınlar.
“Nu çto”lar bizi nəinki inkişaf etdirmir, əksinə, təfəkkürümüzün köləliyinin düşmən ssenarisi üzrə dərinləşməsinə, davam etməsinə, ömrünün uzadılmasına təkan verir! Hörmətli dilçilər, sizlər “yeltək” (yəni “yel təki”, “yel kimi”) sözünü təkrar dilimizə qazandırın! Azərbaycan cəngavərliyinin, vətənsevərliyinin, torpağı, namusu, yurdu, ailəsi uğrunda yenilməz mübarizliyin rəmzlərindən biri olan bu sözü qazandırın bizə! Bu istiqamətdə dilimizi inkişaf etdirib, onun semantik prioritetini milliliyə yönəldin ki, valideynlər uşaqlarına türk adını qoymaqdan çəkinməsinlər.
Türk adının əvəzinə mənasını belə anlamadığımız fars, ərəb, yəhudi, ingilis, rus və sair qondarma adlar qoymasınlar. Məsələn, uşaqlara şəhadətnamə verən qurum “qotaz” adına etiraz edir, lakin, deyək ki, “zuqaqqa” (sovet dönəmində “kombayn”, “traktor”, “sovet” və s. cəfəngiyyatlar olardı, ancaq qədim türk kəlməsi olmazdı) kimi bir şey qondar və ya anlaşılmayan bir ərəb sözü de, onu qəbul edəcək.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru