Anlaşılmazlıq İddialarına Cavab: Bakı ilə Ankara arasındakı əlaqələr dəmir kimidir

“Azərbaycan ilə Türkiyə arasındakı strateji müttəfiqlik dünyada misli görünməmiş səviyyəyə çatıb. İki ölkə arasındakı münasibətlər təkcə dövlət başçıları səviyyəsində deyil, xalqlar arasında dərin etimada və qardaşlıq bağlarına əsaslanır. Azərbaycan və Türkiyə arasında münasibətlər bu gün təkcə regional deyil, həm də beynəlxalq miqyasda nümunə göstəriləcək səviyyədədir. Ekspertlərin fikrincə, bu əməkdaşlığın dünyada bənzəri yoxdur və bu yaxınlıq şəxslərə deyil, xalqların iradəsinə əsaslanır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi dostluq münasibətləri bu tərəfdaşlığın güclənməsinə töhfə versə də, münasibətlər strateji və institusional əsaslarla qurulub”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Qeyd edək ki, son vaxtlar Türkiyə-Azərbaycan münasibətlərində gərginlik iddiaları gündəmdədir. Buna səbəb kimi Azərbaycanın İsraillə yaxın əlaqələri və Türkiyənin Ermənistanla sərhədi qısa müddətə açması göstərilir. Bildirilir ki, bu addımlar iki ölkə arasında strateji anlaşılmazlıq yaradıb. Lakin Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Budapeştdəki son görüşü və oradakı səmimi görüntülər bu iddiaların əsassız olduğunu göstərdi.

Siyasi şərhçi bildirib ki, rəsmi Bakı ilə Ankaranın əməkdaşlığı müdafiə sənayesi, enerji, infrastruktur, təhsil və mədəniyyət də daxil olmaqla bir sıra sahələri əhatə edir.

“Xüsusilə təhlükəsizlik sahəsində ortaq təlimlər və layihələr hər iki ölkənin regional sabitlik və təhlükəsizliyə verdiyi əhəmiyyətin göstəricisidir. Bəzi iddiaların əksinə olaraq, Azərbaycanın İsrail ilə münasibətləri Türkiyə ilə əlaqələrə zidd deyil. Bakı və Təl-Əviv arasındakı əməkdaşlıq ikitərəfli xarakter daşıyır və üçüncü tərəfə qarşı yönəlməyib. Azərbaycan Fələstin məsələsində beynəlxalq hüququn prinsiplərinə – xüsusilə iki dövlət həllinə – sadiqliyini dəfələrlə bəyan edib və bu mövqeyində israrlıdır. Azərbaycanın Yaxın Şərq məsələlərində Türkiyənin mövqeyini dəstəkləməsi, Suriya ilə bağlı proseslərdə fəal iştirakı və regional sabitliyə töhfə vermək istəyi iki ölkənin paralel siyasət yürütməsinin daha bir sübutudur. Azərbaycan və Türkiyə münasibətlərinin pozulması ilə bağlı yayılan iddialar reallıqdan uzaqdır və bu, yalnız regionda sabitliyi istəməyən dairələrin manipulyativ yanaşmalarının məhsuludur”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az