Beş ayda 17 mindən çox yoluxma: Suçiçəyində artım narahatlıq doğurur

Bu ilin ilk beş ayında suçiçəyinə yoluxma hallarında nəzərəçarpacaq artım müşahidə olunub. Dövlət Statistika Komitəsindən mediaya verilən məlumata əsasən, yanvar-may ayları ərzində ölkədə 17 min 595 nəfərdə suçiçəyi diaqnozu qoyulub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 189 nəfər çoxdur. Yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Statistik rəqəmlər göstərir ki, xəstələnənlərin əksəriyyəti – 15 min 602 nəfəri 17 yaşadək olan uşaqlardır. Yalnız 1 993 nəfər 18 və daha yuxarı yaş qrupuna aiddir. Bu rəqəmlər, suçiçəyinin əsasən uşaqlar arasında yayıldığını və bu yaş qrupunun infeksiyaya qarşı daha həssas olduğunu bir daha ortaya qoyur.

Suçiçəyinin belə sürətlə artmasının bir neçə mümkün səbəbi var. Əvvəla, pandemiya illərində və ondan sonrakı dövrdə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda peyvənd proqramlarında fasilələr yaranıb və ya valideynlərin peyvəndə münasibəti dəyişib. Suçiçəyi əleyhinə peyvənd bəzi ölkələrdə icbari olduğu halda, Azərbaycanda bu peyvənd hələ də geniş tətbiq olunmur və könüllü əsasda həyata keçirilir. Bu isə immunizasiyanın yetərli səviyyədə olmamasına səbəb olur. İkincisi, məktəblər və uşaq bağçaları kimi kollektiv mühitlərdə gigiyena qaydalarına tam riayət olunmaması xəstəliyin daha sürətlə yayılmasına şərait yaradır. Həmçinin bəzi hallarda xəstəliyin ilkin əlamətlərinə əhəmiyyət verilmədən uşaqlar tədris müəssisələrinə göndərilir və bu da yoluxmaların zəncirvari şəkildə artmasına səbəb olur.

Suçiçəyi hava-damcı yolu ilə yayılan, yüksək yoluxuculuq qabiliyyətinə malik infeksion xəstəlikdir. Onun qarşısını almağın ən effektiv yolu peyvəndlənmədir. Hazırda suçiçəyi üçün təsdiqlənmiş, effektiv və təhlükəsiz vaksinlər mövcuddur. Peyvənd olunan uşaqlar xəstəliyə ya ümumiyyətlə yoluxmur, ya da onu yüngül formada keçirirlər. Bu baxımdan, səhiyyə qurumlarının peyvəndlənmənin əhəmiyyəti ilə bağlı maarifləndirmə işlərini gücləndirməsi vacibdir. Eyni zamanda, bağça və məktəblərdə nəzarət tədbirləri artırılmalı, suçiçəyinin simptomları müşahidə olunan uşaqlar vaxtında ev şəraitinə çəkilməlidir.

Əlavə olaraq, gigiyena qaydalarına ciddi əməl olunmalı, kollektiv mühitlərdə dezinfeksiya işləri mütəmadi aparılmalıdır. Valideynlər isə uşaqlarında səpki, qızdırma və halsızlıq kimi əlamətləri müşahidə etdikdə, həkimə müraciət etməyi təxirə salmamalıdırlar.

Ümumi yanaşsaq, bu ilin ilk beş ayında qeydə alınan yüksək yoluxma statistikası suçiçəyinə qarşı daha ciddi yanaşma tələb edir. Mövcud artım tendensiyasını dayandırmaq üçün həm fərdi, həm də ictimai səviyyədə profilaktik tədbirlər gücləndirilməlidir. Dövlət səviyyəsində isə bu peyvəndin milli immunizasiya proqramına daxil edilməsi məsələsi yenidən gündəmə gətirilə bilər.

Pərvanə

AzNews.az