Bu hallarda qadın abort etdirə bilər - Komissiya sədri

12 həftəyə qədər hamiləlik qadının istəyi əsasında pozula bilər. Lakin dölün cinsiyyəti 12-ci həftədən sonra müəyyənləşir. 12-ci həftədən sonra selektiv abort edildikdə, həkim də burada məsuliyyət daşıyır.

Bunu Trend-ə müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli bildirib.

Onun sözlərinə görə, qadın 12-ci həftəyə qədər hamiləliyini sonlandıra bilər, lakin 12-ci həftədən sonra hamiləliyin pozulması üçün ciddi sosial və tibbi göstərişlər olmalıdır:

“Bu qərar həkim komissiyalarının rəyi əsasında həyata keçirilir. 2015-ci ildən Azərbaycanda diridoğulma meyarları dəyişib. Artıq 22 həftədən doğulan uşaqlar diridoğulma hesab edilir. Sosial göstərişlər çərçivəsində hamiləliyin pozulmasına rəy verilə bilər, əgər qadınla kişi boşanıbsa, qadının işi yoxdursa, evi yoxdursa və müvafiq sənədləri təqdim edirsə. Tibbi göstərişlərə isə körpənin həyatla uzlaşmayan tibbi qüsuru və ananın həyati təhlükədə olması daxildir”, həkim qeyd edib.

Aznews.az