- Toplum
- 16:51
- 1 330
"Dönüş nöqtəsidir"!- Universitetlərimizin yeni reytinqi təqdirlə qarşılandı
2026-cı il üzrə QS World University Rankings by Subject nəticələri Azərbaycanın ali təhsil sistemində diqqətçəkən irəliləyişi ortaya qoyur. Bu il ilk dəfə ölkənin 7 universiteti 22 ixtisas sahəsi üzrə reytinqdə yer alıb, həm universitetlərin sayı, həm də təmsil olunan sahələrin miqyası əhəmiyyətli şəkildə genişlənib.
AzNews.az xəbər verir ki, bu məlumat Azərbaycan ictimaiyyət nümayəndələri arasında xoş rezonans doğurub.
Təhsil eksperti Məzahir Məmmədli öz Facebook səhifəsində yazıb:
"Azərbaycan universitetləri artıq tənqid zolağından çıxmağa başlayıb. İndiyə qədər adları daha çox rüşvət, savadsız məzun və digər neqativ hallarla hallanan ali təhsil müəssisələrinin bu gün dünya reytinqlərində yer alması düşünürəm ki, mühüm dönüş nöqtəsidir.
Son məlumatlara görə, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə irəliləməsi, xüsusilə də TOP siyahılarda yer alması ölkəmizin ali təhsil sistemində baş verən dəyişikliklərin real nəticəsidir. Bu uğuru son nəticə kimi yox, başlanğıc kimi qəbul etməliyik. Əsas məqsəd reytinqdə görünmək deyil, həqiqətən rəqabətqabiliyyətli, bilikli və bacarıqlı məzunlar yetişdirməkdir.
İnşəallah ki, bu müsbət dinamika davamlı olar və universitetlərimiz yaxın illərdə daha yüksək pillələrə yüksələrək təkcə regionda deyil, qlobal miqyasda da söz sahibinə çevrilər".
AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı da Azərbaycan universitetlərinin tarixi nailiyyətinə reaksiya verib. O, bildirib:
"Gündəmin gərgin başlıqları arasında sevindirici bir xəbər var.
2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.
Bunlar olduqca vacib göstəricilərdir. Bu göstəricilərdən biri də budur ki, Bakı Dövlət Universiteti sözügedən reytinqdə ilk dəfə 100-lüyə daxil olub.
O da çox sevindiricidir ki, Azərbaycan müvafiq reytinqdə yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir.
Mən, bilirsiniz, dəfələrlə qeyd etmişəm ki, bizim tarixi zəfərimiz ilk növbədə elm və təhsil sahəsində davam etdirilməlidir. Bəhs etdiyim göstəricilər bu yöndə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sistemli fəaliyyət göstərdiyini təsdiq edir.
Bu önəmli uğurun qazanılmasında əməyi olan bütün təhsil sistemi əməkdaşlarını, reytində yer alan universitetləri və ETN-ni təbrik edirəm.
Qürurluyuq"!
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev:
"Bakı Dövlət Universitetinin Hüquq fakültəsi yenə də bir mühüm ilkə imza atdı. Fakültəmiz respublikamızda ilk və yeganə fakültə olaraq dünyanın nüfuzlu reytinq təşkilatı QS tərəfindən açıqlanan “QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən bu mühüm reytinq siyahısında yer aldı. Hüquq fakültəsinin dünyaca məşhur bu nüfuzlu akademik siyahıda yer alması ölkəmizin hüquq təhsili tarixində ilk belə nailiyyət kimi xüsusilə dəyərlidir.
Eyni zamanda bu hadisə BDU Hüquq fakültəsinin dünya miqyasında hüquq təhsili sahəsində artan nüfuzunun mühüm göstəricidir.
Bu böyük uğur münasibətilə doğma BDU ailəsini, fakültənin professor-müəllim heyətini, tələbələrimizi, əməkdaş və məzunlarımızı ürəkdən təbrik edirəm!
Universitetimiz, fakültəmiz fəxarət mənbəyimizdir"!
AzNews.az