Füzuli şəhərində şagird sayının artması bölgədə həyatın tədricən bərpa olunduğunu göstərir - FOTO

Füzuli şəhərində təhsil həyatının bərpası davam edir, doğma yurda qayıdan müəllim və şagirdlər burada fəaliyyət göstərməkdən qürur duyduqlarını bildirirlər.

Aznews.az xəbər verir ki, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səmayə Həsənova bildirib ki, bir vaxtlar məcburi köçkün kimi tərk etdiyi Füzuliyə bu gün müəllim kimi qayıdıb. Onun sözlərinə görə, uzun illər doğma torpaqlardan uzaq düşsələr də, bu həsrət heç vaxt unudulmayıb.

Müəllim qeyd edib ki, hazırda dərs dediyi sinifdə şagird sayında artım müşahidə olunur. Əgər ilk vaxtlar sinifdə 19 şagird var idisə, hazırda bu rəqəm 32-yə çatıb. Bu isə bölgədə həyatın tədricən bərpa olunduğunu göstərir.

Digər müəllim Könül Ağayeva da uşaq yaşlarında məcburi köçkün düşdüyünü, hər zaman Füzuliyə qayıdaraq burada müəllim kimi fəaliyyət göstərməyi arzuladığını deyib. O bildirib ki, artıq bu arzu reallığa çevrilib və hazırda doğma şəhərində müəllim kimi çalışır.

Məktəbin şagirdləri də ata-baba yurdlarında təhsil aldıqları üçün qürur hissi keçirdiklərini bildirirlər. Onlar qeyd edirlər ki, doğma torpaqlarda oxumaq həm məsuliyyət, həm də böyük sevincdir.

Qeyd edək ki, Füzuli şəhərində yerləşən və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə edilən məktəb 960 şagird yerlikdir. Məktəb iki mərtəbə və zirzəmidən ibarətdir. Təhsil müəssisəsində 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, yeməkxana və kitabxana mövcuddur. Həmçinin məktəbin ərazisində futbol meydançası, istirahət zonaları, qaçış zolaqları və digər infrastruktur yaradılıb.

Hazırda Füzulidə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bölgədə həyatın sürətlə canlandığını göstərir.

image description image description image description image description image description